Azərbaycan Travmatoloq və Ortopedlərinin IV Qurultayı keçirilib
İkinci Qarabağ müharibəsinə həsr olunan Azərbaycan Travmatoloq və Ortopedlərinin IV Qurultayı keçirilib.
"Report" xəbər verir ki, tədbirdə TƏBİB-in İcraçı direktorunun müavinləri - Araz Nəsirov və Anar İsrafilov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli, deputat Soltan Məmmədov və Yaşat Fondunun da nümayəndəsi iştirak edib.
Qurultayda II Qarabağ müharibəsi zamanı travmatoloji xidmətin təşkili, odlu silah yaralanmaları zamanı sümük və yumşaq toxumalarda cərrahi müdaxilələr, qazi və yaralananların tibbi, psixo-sosial reabilitasiyası, travmatologiya və ortopediyanın digər aktual problemlərini əhatə edən 8 panel təqdim olunub.
Azərbaycan və Türkiyənin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən təqdim olunacaq məruzələrdə ən son tibbi məlumatlar əks olunub. Konqres sual-cavab sessiyaları və panel müzakirələri ilə davam etdirilib.
Qurultayda ilk dəfə olaraq “Azərbaycan Travmatoloq və Ortopedlərin dostu” fəxri adları türkiyəli həkimlərə təqdim edilib. Həm Qarabağ müharibəsində, həm də yerli həkimlərin uzmanlıq ixtisaslarının təkmilləşdirilməsində qardaş ölkə həmkarlarının əvəzsiz rolu olduğu qeyd edilib.
Qurultayın rezalusiya hissəsində bundan sonra görüləcək işlər, hədəflər və elmin inkişaf hissələri müzakirə olunaraq təkliflər irəli sürülub.
Sonda 44 günlük Vətən Müharibəsində iştirak edən travmatoloq-ortopedlər təltif edilib