Aİ Misirə 7,4 milyard avro yardım göstərəcək

Aİ Misirə 7,4 milyard avro yardım göstərəcək

Avropa İttifaqı Misirə 7 milyard 400 min avro məbləğində maliyyə yardımı göstərəcək.

APA xəbər verir ki, bu barədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi Qahirədə keçirilən Avropa İttifaqı-Misir sammitinin yekunlarına dair keçirilən birgə mətbuat konfransında bildirib.

"Bu gün biz Aİ ilə birlikdə Misirə 7,4 milyard avro dəyərində yardım paketi haqqında saziş, həmçinin tərəfdaşlığımızın səviyyəsini strateji səviyyəyə qaldıran birgə bəyannamə imzaladıq", - Misir lideri bildirib.

O əlavə edib ki, Qahirədə baş tutan danışıqlar zamanı o, Avropa liderləri ilə enerji problemləri, yaşıl hidrogen istehsalı və qeyri-qanuni miqrasiya ilə mübarizə tədbirləri ilə bağlı müzakirələr aparıb.

Öz növbəsində, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen hazırkı formatda sammitlərin bundan sonra iki ildən bir keçiriləcəyini açıqlayıb.

"Bizim Misirlə strateji və investisiya əməkdaşlığı planlarımız var. Biz inanırıq ki, Qahirənin yaxın gələcəkdə Yaxın Şərqin enerji mərkəzi olmaq potensialı var", - o qeyd edib.

Sammitdə əs-Sisi və fon der Leyenlə yanaşı, Avstriya kansleri Karl Nehammer, Belçikanın baş naziri Aleksandr De Kroo, Yunanıstanın baş naziri Kiriakos Mitsotakis, İtaliyanın baş naziri Ciorcia Meloni də iştirak ediblər.