Dövlət qulluğu vəzifələri üzrə test imtahanları keçirilib - YENİLƏNİB

Dövlət qulluğu vəzifələri üzrə test imtahanları keçirilib - YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı, həmçinin inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirilir.

Bu barədə "Report" Dövlət İmtahan Mərkəzində istinadən xəbər verir.

İnzibati rəhbər vəzifələrə aid olan AB, AC imtahanı Bakı şəhərində keçirilib. İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib. İmtahan kompüter vasitəsilə təlimata uyğun olaraq 3 saat müddətində aparılıb və namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.

İmtahanda 111 namizəd iştirak edib. İmtahan nəticələrinə əsasən, AB3 altqrupu üzrə 1 nəfər, AB4 altqrupu üzrə 1 nəfər, AC2 altqrupu üzrə 3 nəfər, AC3 altqrupu üzrə 5 nəfər, AC4 altqrupu üzrə 11 nəfər olmaqla, ümumilikdə 21 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Bu gün həmçinin inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanı keçirilib.

Kağız daşıyıcılar vasitəsilə keçirilən BB vəzifə qruplarına aid olan imtahan artıq başa çatıb. İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar olunduğu üçün imtahandan xaric edilib və araşdırma aparılır.

Digər vəzifə qrupları (AB, AC, BA) üzrə olan imtahanlar isə kompüter vasitəsilə Bakı ş., Nəsimi rayonu, Səməd Vurğun küçəsi, Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzi, 5 saylı tədris binasında keçiriləcək. İmtahan saat 15:00-da başlanıb və 2 saat 30 dəqiqə davam edəcək. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunacaq.

Elektron imtahanlarının nəticələri ilə bağlı Apellyasiya komissiyası 18-19 mart tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək (Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299).

BB vəzifə qrupuna aid olan vəzifələr üzrə kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri 2 gün ərzində elan olunacaq.

06:34

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı keçiriləcək.

Bu barədə "Report"a DİM-dən bildirilib.

Qeyd olunub ki, dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AB və AC qruplarına uyğun vəzifələr üzrə qəbul imtahanı elektron qaydada təşkil olunacaq. İmtahan Bakı şəhərində (Nəsimi rayonu, Səməd Vurğun küçəsi, Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzi, 5 saylı tədris binası) keçiriləcək.

İmtahanda iştirak üçün 115 namizəd qeydiyyatdan keçib. İmtahan saat 10:00-da başlanır. Namizədlər şəxsiyyəti təsdiq edən sənədləri ilə birlikdə saat 09:00-dan gec olmayaraq imtahan binasında olmalıdırlar.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan, yəni BB vəzifə qrupuna aid olan vəzifələr üzrə imtahan kağız daşıyıcılar vasitəsilə keçiriləcək. Buraxılış vərəqəsində imtahan yeri, binası, imtahana gəlməli olan vaxt və digər zəruri məlumatlar göstərilib. İmtahan saat 11:00-da başlanır və 2 saat 30 dəqiqə davam edir. Saat 10:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.

Digər vəzifə qrupları (AB, AC, BA) üzrə olan imtahanlar isə kompüter vasitəsilə Bakı ş., Nəsimi rayonu, Səməd Vurğun küçəsi, Azərbaycan Tibb Universitetinin İmtahan Mərkəzi, 5 saylı tədris binasında keçiriləcək. Kompüter vasitəsilə ilə keçirilən imtahanda buraxılış vərəqəsinə ehtiyac yoxdur. Həmin namizədlər şəxsiyyətini təsdiq edən sənədin əslini təqdim etməlidirlər. İmtahan saat 15:00-da başlanır. Namizədlər saat 14:00-dan gec olmayaraq imtahan binasının önündə olmalıdırlar. İmtahanın davametmə müddəti 2 saat 30 dəqiqədir.

Qeyd edək ki, fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək üçün AB qrupu üzrə 5, AC qrupu üzrə 11, BA qrupu üzrə 75, BB qrupu üzrə isə 222 olmaqla, ümumilikdə 313 namizəd qeydiyyatdan keçib.