Gəncədə avtomobil təmiri sexləri yanıb - FOTO - VİDEO - YENİLƏNİB-2

Gəncədə avtomobil təmiri sexləri yanıb  - FOTO - VİDEO - YENİLƏNİB-2

Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən avtomobil təmiri sexində yanğın baş verib.

Birxeber.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Məsələ ilə bağlı dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 17 boksdan ibarət ümumi sahəsi 2500m² olan avtomobil təmiri sexində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təmir sexinin 5 boksunun yanar konstruksiyaları ümumilikdə 220m² sahədə və içərisində təmirə dayanmış "OPEL ASTRA" markalı minik avtomobili yanıb.

FHN-in qüvvələrinin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində 12 boks, təmirə dayanmış 5 ədəd minik avtomobili, hər birinin həcmi 200 litr olan 3 ədəd yağ çəlləyi və hər birinin həcmi 15 litr olan 6 ədəd oksigen balonu yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

***
23:17

Xəbər verdiyimiz kimi, Gəncədə avtomobil təmiri sexində baş verən yanğın söndürülüb.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə, 2500 kv/m ərazisi olan avtomobil təmiri sexinin 220 kv metr dəmir konstruksiyadan ibarət 5 sex yanıb.

Yanğın zamanı 5 sexin təmir avadanlıqları və "Opel" markalı avtomobil yararsız vəziyyətə düşüb.

***
22:44


Gəncədə avtomobil təmiri sexində baş verən yanğın söndürülüb.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə, yanğın zamanı bir neçə sex və bir avtomobil yanıb.

***
22:25

Gəncədə yanğın hadisəsi baş verib.

Birxeber.Az-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Həmin ünvanda yerləşən avtomobil təmiri sexində anidən yanğın baş verib.

Dərhal əraziyə hadisə yerinə FHN-nin yanğınsöndürənləri cəlb olunub.