Rusiya prezidentliyinə namizəd: Azərbaycanı Qarabağı qaytardıqdan sonrakı uğurlarına görə təbrik edirəm

Rusiya prezidentliyinə namizəd: Azərbaycanı Qarabağı qaytardıqdan sonrakı uğurlarına görə təbrik edirəm

Hazırda Rusiya ilə Azərbaycan arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir.

Bunu “Report”un Rusiya bürosuna açıqlamasında Rusiya prezidentliyinə namizəd, Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Leonid Slutski deyib.

O qeyd edib ki, çoxdandır ki, canında və qəlbində Azərbaycanla yaşayır.

Siyasətçi Azərbaycan prezidenti İlham Əliyevi Azərbaycan iqtisadiyyatında, o cümlədən Qarabağın qaytarılmasından sonra əldə olunan uğurlar münasibətilə təbrik edib. O, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin vəsiyyət etdiyi hər şeyin artıq yerinə yetirildiyini xatırladıb.

“İnsanlar və onların qayıdışı üçün hələ görüləsi çox iş var. Əminəm ki, tezliklə sülh müqaviləsi (Ermənistanla – red.) imzalanacaq. Həmçinin bir çox əhəmiyyətli infrastruktur layihələrinin həyata keçiriləcəyinə və inkişaf etdiriləcəyinə əminliyimi də bildirmək istərdim. Azərbaycan bu gün postsovet məkanında ən firavan ölkələrdən və iqtisadiyyatlardan biridir. Mən sizə həm iqtisadiyyatda, həm də sosial siyasətdə daha böyük uğurlar arzulayıram. Əlbəttə, əlaqələrimiz daha da sürətlə inkişaf edəcək. Mən Moskva ilə Bakı arasında səmərəli qarşılıqlı fəaliyyətdən qürur duyuram”, - L.Slutski deyib.