Levan Davitaşvili: Azərbaycan Gürcüstanın ilk 5 ticarət tərəfdaşından biridir

Levan Davitaşvili: Azərbaycan Gürcüstanın ilk 5 ticarət tərəfdaşından biridir

Gürcüstan və Azərbaycan arasında yaxın iqtisadi münasibətlər var, Azərbaycan Gürcüstanın ilk 5 ticarət tərəfdaşından biridir.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili deyib.

"Bizim ölkələrimiz arasında ticarət dövriyyəsi ildən-ilə artır. Azərbaycandan Gürcüstana, eləcə də əksinə investisiyalar yönəldilir. Bizim həmçinin beynəlxalq layihələrimiz var və həm Azərbaycan, həm də Gürcüstan bu layihələrdə aparıcı rol oynayırlar", - Davitaşvili deyib.

Nazir qeyd edib ki, həyata keçirilən meqa layihələrdə Gürcüstan Azərbaycanın əsas tərəfdaşı kimi iştirak edir. Əlavə edib ki, əsasən enerji təhlükəsizliyinə hədəflənmiş bu layihələr Avropanın enerji təhlükəsizliyinə nəzərəçarpan töhfə verir.

Nazir geosiyasi vəziyyətin iki ölkə arasındakı nəqliyyat-logistika əlaqələrinin, "Orta dəhliz"in önəmini artırdığını vurğulayıb.

O, qeyd olunan sahələr üzrə yeni layihələrin gözdən keçirildiyini, əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.