Samir Şərifov özbəkistanlı həmkarı ilə görüşüb

Samir Şərifov özbəkistanlı həmkarı ilə görüşüb

15 mart 2024-cü il tarixində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Samir Şərifov XI Qlobal Bakı Forumunda iştirak məqsədilə ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası xarici işlər nazirinin müavini Raxmatulla Nurimbetov ilə görüşüb.

APA xəbər verir ki, görüş zamanı ali səviyyəli siyasi dialoqun iki qardaş ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi, eləcə də yeni məzmunla zənginləşdirilməsində əsas rol oynadığı bildirilib.

Həmçinin, ikitərəfli münasibətlərin bütün sahələrində müşahidə edilən müsbət dinamikadan məmnunluq ifadə edilərək, əməkdaşlığın daha da dərinləşdirilməsinə dair gələcək fəaliyyətlərdən danışılıb.

Görüş zamanı qarşılıqlı maraq kəsb edən digər mühüm regional və beynəlxalq məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.