Energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Energetika naziri Pərviz Şahbazov ölkəmizdə səfərdə olan Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) baş direktoru Françesko La Kamera ilə görüşüb.

APA-Economics” Energetika Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycanda bərpa olunan enerji güclərinin və regional “yaşıl enerji dəhliz”lərinin yaradılması, “yaşıl enerji” texnologiyalarının inkişafı, ölkəmizlə IRENA arasında əməkdaşlığın mövcud vəziyyəti, eləcə də perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Enerji Keçidinin Sürətləndirməsi Platforması (ETAF) vasitəsilə bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsinin təşviqi üzrə əməkdaşlıq imkanları dəyərləndirilib. Bu il ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbiri çərçivəsində əməkdaşlıq, Bakıda İnvestisiya Forumunun təşkili məsələləri nəzərdən keçirilib. Həmçinin IRENA-nın Şərq Tərəfdaşlığı ölkələri üçün Bərpa Olunan Enerji üzrə Yol Xəritələri təşəbbüsü, bu ilin aprel ayında Abu Dabidə keçiriləcək IRENA Assambleyasının on dördüncü sessiyasında iştirak, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.