XİN başçısı: Ermənistanın mina xəritələrini verməkdən imtinası vətəndaşlarımızın həyatına təhdiddir

XİN başçısı: Ermənistanın mina xəritələrini verməkdən imtinası vətəndaşlarımızın həyatına təhdiddir

Ermənistanın mina xəritələrini verməkdən imtina etməsi vətəndaşlarımızın həyatına təhdid törədir.

Xarici İşlər Nazirliyindən "Birxeber.Az"a verilən məlumata görə, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov XI Qlobal Bakı Forumunda iştirak məqsədilə ölkədə səfərdə olan BMT İnkişaf Proqramının administratoru Axim Ştayner ilə görüşündə bildirib.

Qeyd olunub ki, görüşdə BMT İnkişaf Proqramı çərçivəsində əməkdaşlıq gündəliyi, mövcud perspektivlər, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) irəli gələn məsələlər, habelə postmünaqişə dövründə regional vəziyyət müzakirə olunub.

C.Bayramov BMT İnkişaf Proqramı ilə Azərbaycan arasında uzunmüddətli əməkdaşlığın müsbət nəticələrindən bəhs edərək, mövcud tərəfdaşlığın davam etdirilməsinin əhəmiyyətini qeyd edib.

COP29 ilə bağlı hazırlıq işlərindən bəhs edən nazir Azərbaycanın COP29 sədrliyinin müvəffəqiyyətlə həyata keçirilməsi istiqamətində müxtəlif tərəflərlə substantiv danışıqlar prosesini apardığı, eyni zamanda zəruri təşkilati tədbirlərin görüldüyünü diqqətə çatdırıb.

Məlumata görə, postmünaqişə dövründə ölkə tərəfindən görülən bərpa-quruculuq, habelə sülh səylərindən bəhs edən C.Bayramov Ermənistan tərəfindən ərazilərimizin kütləvi şəkildə minalanmasının, həmçinin bu ölkənin minalanmış ərazilər barədə məlumatları təqdim etməkdən imtina etməsinin vətəndaşlarımızın həyat və sağlamlığına, habelə aparılan bərpa işlərinə təhdid törətdiyini diqqətə çatdırıb. Minaların təmizlənməsi işində beynəlxalq səylərin səfərbər olunmasının zəruriliyi vurğulanıb.

A.Ştayner Azərbaycanın inkişaf sahəsində əldə etdiyi nailiyyətlərin nümunəvi olduğunu qeyd edib. BMT İnkişaf Proqramı tərəfindən mina təhlükəsinə qarşı mübarizəyə, o cümlədən bu istiqamətdə təşəbbüslərin müzakirəsinə əhəmiyyət verildiyi bildirilib.

Daha çox karbohidrogen resursları ilə zəngin ölkə kimi tanınan Azərbaycan tərəfindən COP29 -un sədri qismində nümayiş olunan mövqe və yanaşmanın təqdirəlayiq olduğu bildirilib, bu istiqamətdə uğurlu sədrlik fəaliyyəti arzu edilib.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.