Həbsdə olan polkovnik: “Yəqin ölülərə kanal tapıb ora pul göndərmisən” – MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə

Həbsdə olan polkovnik: “Yəqin ölülərə kanal tapıb ora pul göndərmisən” – MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı məhkəmə

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunlarının maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Vüsal Əlizadə vəsatətlə çıxış edib. O, məhkəmə prosesinin jurnalistlərin iştirakı olmadan keçirilməsini istəyib.

Qeyd edib ki, bəzi media nümayəndələri materialları qərəzli yayımladıyır və ictimaiyyət onlar haqda mənfi rəy verir.

Hakim Fikrət Əliyev isə hazırlıq prosesində məhkəmə istintaqının açıq aparılması barədə qərar verdikləri bildirib.
Daha sonra prosesdə şahid qismində Murad İmanov dindirilib. Şahid hazırda özəl sektorda çalışdığını və ordu sıralarından təxris edildiyini deyib:
“Hərbi Dəniz Qüvvələrinin N saylı hərbi hissəsində maliyyə xidməti rəisi vəzifəsində çalışmışam. İşlədiyim dövrdə bəzi maliyyə pozuntularına yol vermişik. Bizi heç kim heç nəyə məcbur etməyib. İdarə rəisimiz Nizami Məmmədovun bu məsələdən xəbərinin olub-olmadığını bilmirəm. Artıq yazılan vəsaitlərin 20 faizini maliyyələşməyə, 30 faizi təftişə, 10 faizini də Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmət rəisinə vermişəm. Yerdə qalan 40 faiz isə mənə qalıb. Ümumilikdə işləyim hərbi hissələrdə 265 min manat mənimsəmə olub. O puldan 130 min manat mənə çatıb. Dəymiş zərərdən hələ heç nə ödəməmişəm. Amma yaxın zamanlarda dəymiş ziyanı ödəyəcəm”.

Prokurorun suallarına cavab verən şahid deyib ki, əvvəl onun rəisi Emin Poladov, daha sonra isə Vüsal Əlizadə olub:
“Təftiş və maliyyələşmə üçün ayrılan pulu rəislərimə çatdırırdım, onlar özləri adiyyəti adamlara verirdilər. Çalışdığım müddət 15-16 nəfərin adına “ölü kartlar” açılıb. Həmin ölü kartlardan gələn pullar korporativ kartıma köçürmüşəm”.

Məhkəmədə daha sonra şahid qismində Vüqar Qurbanov ifadə verib. Şahid bildirilib ki, işlədiyi hərbi hissədə 92 min manat mənimsəmə faktı qeydə alınıb və ona 59 min manat pul çatıb:

“İstintaq dövrü verdiyim ifadələri təsdiqləyirəm. Hamı kimi biz də bu cür işləmişik. Hazırda ordudan təxris olunmuşam. Mənə çatan puldan 25 min manatını zərər kimi ödəmişəm, qalan pulu da ödəyəcəyəm”.

Prosesdə dindirilən şahidlərdən Elxan Yusubov qeyd edib ki, iki hərbi hissədə maliyyə xidmətinin rəisi vəzifəsində çalışıb:

“Çox qısa bir dövr bu sistemlə çalışmışam. İş üzrə mənə çatan 17 min manat olub, onu da istintaq dövründə geri qaytarmışam”.

Uzun illərdir maliyyə xidməti rəisi vəzifəsində çalışan Təyyar İmanov ifadəsində iki hərbi hissədə maliyyə xidmətinin rəisi olan zaman maliyyə pozuntularına yol verildiyini bildirib:

“Birinci hərbi hissədə aparılan təftişlər nəticəsində 835 min manat, ikinci hərbi hissədə aparılan yoxlamalar zamanı isə 930 min manat mənimsəmə aşkar edilib. O məbləğlərdən maliyyələşmə və təftişin pullarını rəhbərlik rəisim Rövşən Əliyevə vermişəm. İki hərbi hissədən ümumilikdə 500 min manata yaxın pul mənə çatıb. Hələ ki, dəymiş ziyandan ödəyə bilməmişəm. Lakin evimi satışa qoymuşam, yaxın günlərdə ödəyəcəm”.

Bu zaman təqsirləndirilən Cəlal Kazımov replika ilə çıxış edərək şahidin düzgün danışmadığını bildirib:

“İkinci yoxlaman zamanı Rövşən Əliyev dünyasını dəyişmişdi. Yəqin sən ölülərə xüsusi kanal tapıb, pul göndərmisən”.

Şahid isə ikinci yoxlama zaman Rövşən Əliyevin olmadığını təsdiq edib.

Təqsirləndirilən Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə isə hərbi hissələrin maliyyə xidmət rəislərini dövlətə vurulan ziyanı ödəməyə çağırıb:

“Artıq 3 ilə yaxındır bu cinayət işi üzrə tutulanlar var. Siz öz vurduğunuz ziyanı ödəməlisiz ki, burada həbsdə olan şəxslərə də kömək olsun. Çünki hər bir mənimsəmə epizodu üzrə müvəkkilim barəsində ittiham verilib”.

Prosesdə Hərbi Hava Qüvvələrində maliyyə xidmətinin rəisinin köməkçisi olmuş Fərid Qulaviyev də dindirilib. Şahid bildirib ki, təqsirləndiriləndən Cəlal Kazımov onun rəisi olub:

“Köməkçi kimi Hərbi Hava Qüvvələrində iki rəislə çalışmışam. Onlardan biri Cəlal Kazımov olub. Rəis görülən işlərdən mənə faiz verib. Ümumilikdə maliyyə pozuntuları ilə bağlı mənə 122 min manat pul çatıb. Onu da istintaq dövrü dövlət büdcəsinə geri qaytarmışam”.

Məhkəmədə Quru Qoşunların maliyyə idarəsinin rəisinin köməkçisi işləmiş Elmin Bəyəndikli də ifadə verib. O, ifadəsində maliyyə pozuntularından danışıb:
“Smeta üzrə ödənişlərinin hamısı mənim kartım vasitəsilə çıxarılıb. Dəfələrlə rəislə bu barədə problemlərimiz olub. Görülən işlərə etiraz edirdim. Mən burada işləmək istəmədiyimi ona da bildirmişəm. Bütün əməliyyatların icrası ilə bağlı rəisin tapşırıqlarını icra etmişəm. Nə qədər pulun mənimsənildiyindən xəbərim olmayıb. Hər ay rəis əlavə olaraq mənə 1000-1500 manat pul verib. Ümumi olaraq istintaq dövründə 30-35 min manat zərər vurduğum hesablanıb. Həmin məbləği də dövlət büdcəsinə qaytarmışam”.

Bu zaman təqsirləndirilən Bayram Bayramov şahidin ifadəsinə etiraz edib:

“Bu adam ağ yalan danışır. Aylıq hər köməkçimə 5 min manat vermişəm. Bu ona da razı olmurdu. Bunu Rəfail Xələfov da yaxşı bilirdi. Bütün pullar Eminin adına gəlirdi deyə, sonrada faizlə işləməyə başladı. Qalan pulun 10 faizi Eminə çatıb. Burada gözünün içinə qədər yalan danışır. Elmin məndən qabaq Süleyman Abbasovla leytenantlıqdan işləyib. Onun da istintaqda üzünə durdu ki, pul verməyib. Halbuki, Süleyman hara gedirdi bunu özü ilə aparırdı”.

Elmin Bəyəndikli isə keçmiş rəisinin dediklərinin doğru olmadığını qeyd edib:

“Mənə o boyda pul verilməyib, hətta elə olub ki, cibimdən bəzi xərcləri ödəmişəm”.

Bayram Bayramov isə şahidinin dövlətə vurduğu ziyanı tam ödəməyə çağırıb: “Mən öz üzərimə düşəni ödəməliyəm, siz də öz üzərinizə düşəni. Necə olur ki, o biri köməkçi hər ay 5 min manat aldığını deyir, ona pul vermişəm, sənə yox?”

Daha sonra prosesdə digər hərbi hissələrdə maliyyə xidmətlərinin rəisləri işləmiş bir neçə şəxs dindirilib.

Məhkəmə prosesi aprelin 5-də davam etdiriləcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb.

Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.