Sabiq Baş nazir: Azərbaycan neft satışında da Moldova üçün ən yaxşı tərəfdaşlardan biri ola bilər

Sabiq Baş nazir: Azərbaycan neft satışında da Moldova üçün ən yaxşı tərəfdaşlardan biri ola bilər

Azərbaycan və Moldova tarixən bir-birinə çox yaxın olub.

Bunu XI Qlobal Bakı Forumunda iştirak edən Moldovanın sabiq Baş naziri Kirill Qaburiç APA-ya müsahibəsində deyib.

O bildirib ki, Azərbaycanla Moldovanın yaxşı iqtisadi əlaqələri olub: "Ola bilər ki, bu, miqyas baxımından kiçik olub".

Sabiq Baş nazirin sözlərinə görə, Moldovada azərbaycanlılar yaşayır, Azərbaycan diasporu fəaliyyət göstərir: "Diaspor çox güclü və fəaldır, onlar müxtəlif proqramlar həyata keçirir.

Mən şəxsən Azərbaycanı, Bakını, azərbaycanlıları çox sevirəm. Çox sayda azərbaycanlı dostarım var. Bu ölkənin zəngin mədəniyyətə malik olduğunu bilirəm.
Azərbaycanlılar xoşniyyətlidir. Əgər bir azərbaycanlı sizə bir söz deyirsə, o, öz sözünü, vədini yerinə yetirir".

Qaburiç qeyd edib ki, hər iki ölkənin səfirlikləri yaxından əməkdaşlıq edir və ölkələr arasında iqtisadi əməkdaşlığı artırmaq üçün səy göstərirlər: "Digər məsələ enerji sahəsində əməkdaşlıqla bağlıdır. Son zamanlar bizim Azərbaycanla qaz alışı ilə bağlı müzakirələrimiz olub. Biz nefti kənardan alırıq, ancaq hesab edirəm ki, Azərbaycan bu sahədə də bizim üçün ən yaxşı tərəfdaşlardan biri ola bilər".