Mahir Emrelinin Azərbaycan millisinə çağırılmamasının səbəbi bilinib

Mahir Emrelinin Azərbaycan millisinə çağırılmamasının səbəbi bilinib

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunun futbolçusu Mahir Emrelinin Azərbaycan millisinə çağırılmamasının səbəbi bilinib.

“Report” xəbər verir ki, yığmanın məşqçisi Arif Əsədov AFFA-nın mətbuat xidmətinə açıqlamasında 26 yaşlı hücumçunu zədə ilə əlaqədar “FIFA series – Edition 2024” layihəsi çərçivəsində keçiriləcək oyunlara dəvət etmədiyini açıqlayıb.

Mütəxəssis Cənubi Koreyanın “Tedjon Xana Sitizen” kollektivində çıxış edən müdafiəçi Anton Krivotsyukla bağlı vəziyyətin də eyni olduğunu bildirib: “Anton Krivotsyuk və Mahir Emrelinin heyətdə olmaması zədə ilə bağlıdır. Hər iki futbolçumuzla danışmışam, zədələri var. Həkimlə də məsləhətləşdik və qərara aldıq ki, zədələrini sağaltsınlar, onları növbəti təlim-məşq toplanışlarına çağıraq”.

Qeyd edək ki, Azərbaycan millisi FİFA tərəfindən ilk dəfə təşkil olunacaq yoldaşlıq görüşləri çərçivəsində martın 22-də Monqolustanı, 25-də isə Bolqarıstanı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək. Hər iki qarşılaşma saat 20:00-da başlayacaq.