Ermənistanda katolikosun istefası tələbi ilə aksiya keçiriləcək

Ermənistanda katolikosun istefası tələbi ilə aksiya keçiriləcək

Ermənistanın baş naziri Nikol Paşinyanın tərəfdarları fevralın 24-də katolikos II Qaraginin istefası tələbi ilə mitinq keçirməyi planlaşdırırlar.

"Report" xəbər verir ki, bu barədə "Joxovurd" qəzeti məlumat yayıb.

Məlumata görə, bu məqsədlə ABŞ vətəndaşı olmuş və bu yaxınlarda Ermənistana köçən Andranik Dovlatyanın təşəbbüsü ilə “Vardanank” adlı yeni hərəkat yaradılıb.

Qeyd edilib ki, hakimiyyətin fəal tərəfdarı olan bu şəxs Paşinyanı və hakim “Mülki müqavilə” partiyasını tərifləyən yazılar dərc edir, həmçinin vətəndaşları katolikos əleyhinə aksiyaya qoşulmağa çağırır: “Kilsəyə qarşı oxşar hərəkat 2018-ci ildə inqilabdan dərhal sonra yenidən bu hökumətin tərəfdarlarının təşəbbüsü ilə yaradılan “Yeni Ermənistan, yeni Patriarx” adlı hərəkat olub.

Bütün bunlar kilsə əleyhinə hərəkatın hakimiyyətin ən yüksək eşalonları tərəfindən istiqamətləndirildiyinə dair şübhələr yaradır. Bu, bir daha onu göstərir ki, Nikol Paşinyan dövründə kilsə əleyhinə dalğa misli görünməmiş həddə çatıb”.