Qərbi Azərbaycan Xronikası: “Ermənilər çörəyimizi yeyib, suyumuzu içib, naxələf çıxdılar”

Qərbi Azərbaycan Xronikası: “Ermənilər çörəyimizi yeyib, suyumuzu içib, naxələf çıxdılar”

“Baku TV”də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat hekayəsi” verilişinin növbəti buraxılışı efirə gedib.

“Report” xəbər verir ki, “Ağbulaqda ermənilərin izi-tozu belə heç vaxt olmayıb” adlı veriliş Qərbi Azərbaycanın Göyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kənd sakini Təvəkkül Nəsirovun həyat hekayəsinə həsr olunub.

O, doğulub boya-başa çatdığı kəndin həyatından, uşaqlıq və məktəb illərindən, məhəllə, bulaq və dağlardan danışıb: “1963-cü ildə orta məktəbin 1-ci sinfinə getdim. Çox gözəl günlərimiz var idi, çox dəyərli günlərimizi yaşayırdıq. Müəllimlərimiz həqiqətən çox gözəl idi. Ən çox sevdiyim fəsillər üzrə payız idi. Mart ayı bayram ayı idi. Çərşənbələri çox sevirdik. Gözəl bulaqlarımız və dağlarımız var idi".

T.Nəsirov yenidən doğma yurda qayıtmaq istədiyini, kəndin içində alban qəbiristanlığının olduğunu, Ağbulaqda heç vaxt ermənilərin yaşamadığını deyib: “Yadımdadır ki, ermənilərə su verəndə o qab əgər köhnə olardısa, atardılar, təzə idisə, onu 100 dəfə carlayardılar ki, bunu erməni murdarladı. Erməni çox əzazil olub. Bizim çörəyimizi yedi, suyumuzu içdi sonradan da bizə naxələf çıxdılar”.

Onun sözlərinə görə, ermənilər 1988-ci ildə azərbaycanlılara çox pis gözlə baxmağa başlayıblar: “Mağazalarda bizə heç nə satmırdılar. Çəmbərək rayonuna gedəndə satıcılara tapşırmışdılar ki, onlara heç nə satmayın. Artıq tədricən bizi sıxırdılar ki, biz öz elimizdən, öz evimizdən çıxaq. 1988-ci il noyabrın 26-sı idi. Xəbər gəldi ki, siz çıxmalısınız. Bu gecə ermənilər sizi qıracaq, biz sizi saxlaya bilməyəcəyik. Bu sözü eşidəndən sonra istər-istəməz vahimə düşdü. O vaxt təbii ki, minik maşınları az idi, bizi yük maşınlarına doldurdular. Biz Ardanış kəndindən keçib Şah dağına qalxdıq və oradan piyada Gədəbəyin İvanovka kəndinə, oradan Şəmkir rayonunun Günəşli kəndinə və sonra Bakı şəhərinə gəldik”.

O, ermənilərin 1905, 1918, 1953 və 1988-ci illərdə də insanlara deportasiya və zülm yaşatdığını bildirib, Vətən, yurd həsrətli şerlər yazdığını və mütləq doğma Vətənə qayıtmağı istədiyini vurğulayıb: “Mən ora mütləq qayıtmaq istəyirəm. Qoy nəvələrim də orada yaşasın. Mən öz halal torpağımı, halal evimi, halal eşiyimi orada qoyub gəlmişəmsə, ora niyə qayıtmayam?! Əminəm ki, biz o kəndə qayıdacağıq. Qayıdan kimi, ilk növbədə gedib babalarımın, gözəl insanların qəbrini ziyarət edəcəyəm, bulaqların suyundan içəcəyəm. Allah Prezidentimizin canını sağ eləsin, Qarabağ alındısa, Göyçə ondan daha asan alınar. İnşallah biz bunu görəcəyik”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.