“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin ilk tədbiri Xalq artisti Mirzə Babayevə həsr olunub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin ilk tədbiri Xalq artisti Mirzə Babayevə həsr olunub

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” adlı layihəyə başlanılıb.

APA xəbər verir ki, martın 15-də Nizami Kino Mərkəzində layihənin ilk tədbiri keçirilib.

Azərbaycan Respublikası Kino Agentliyi, Nizami Kino Mərkəzi, Azərbaycan Dövlət Film Fondu və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təşkilatçılığı ilə keçirilən layihənin məqsədi milli kino ənənələrinin qorunub gələcək nəsillərə çatdırılmasıdır.

Layihənin mart ayına nəzərdə tutulan proqramı Xalq artisti, unudulmaz müğənni və aktyor Mirzə Babayevə (1913–2003) həsr olunub.

Tədbirdə Mədəniyyət Nazirliyinin məsul şəxsləri, Mirzə Babayevin yaxınları, tanınmış mədəniyyət, incəsənət xadimləri və digər qonaqlar iştirak ediblər.

Açılış nitqi söyləyən Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev Mirzə Babayevi istedadlı musiqi xadimi kimi xarakterizə edib, onun Azərbaycan kinosunun inkişafına böyük töhfələr verdiyini bildirib: “Mirzə Babayevin ömür kitabını vərəqlədikcə gözlərimiz qarşısında xalqımızın musiqi tarixinin unudulmaz bir dövrü canlanır.

Görkəmli estrada müğənnisi Tofiq Quliyev, Emin Sabitoğlu, Rauf Hacıyev və digər bəstəkarların mahnılar böyük məharətlə ifa edib. Həmin mahnılar musiqi mədəniyyətimizin parlaq inciləri sırasındadır. Mirzə Babayev aktyor kimi müxtəlif rolları yüksək peşəkarlıqla ifa etməsi və bənzərsiz səsi ilə kino tariximizin qızıl səhifələrini yazıb”.

Tarix elmləri doktoru, professor Dilarə Seyidzadə görkəmli kinorejissor Hüseyn Seyidzadənin yaradıcılığından söz açıb. Vurğulayıb ki, Azərbaycan kinosunun tarixini yaşadan, salnaməsini yaradan mədəniyyət xadimlərindən biri məhz Hüseyn Seyidzadə olub. Rejissorun “Dəli Kür” filmində rəqs səhnəsində Mirzə Babayevin ifasına bu gün də emosiyasız baxmaq mümkün deyil.

Mirzə Babayevin nəvəsi Emin Babayev ailələri adından Mədəniyyət Nazirliyinə təşəkkür edib, babası haqqında xatirələrini bölüşüb.
Əməkdar mədəniyyət işçisi Rahib Azəri Mirzə Babayevin çox unikal bir insan olduğunu deyib. Vurğulayıb ki, M.Babayev ifa etdiyi mahnıları, kinolarda oynadığı rolları unikal şəkildə reallaşdırılıb.

Çıxışlardan sonra rejissor Hüseyn Seyidzadənin 1969-cu ildə lentə aldığı "Dəli Kür" bədii filmi nümayiş olunub.

Qeyd edək ki, “Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsi çərçivəsində görkəmli aktyorların çəkildiyi filmlərin il ərzində hər ay bir kino xadiminə həsr edilməklə Nizami Kino Mərkəzində nümayişləri təşkil olunacaq. Nümayişlər hər həftənin cümə günü həyata keçiriləcək.