UNEC-də enerji iqtisadiyyatına həsr olunan beynəlxalq seminar keçirilib - FOTO

UNEC-də enerji iqtisadiyyatına həsr olunan beynəlxalq seminar keçirilib - FOTO

UNEC, Qara Dəniz Davamlı İnkişaf Həlləri və Qara Dəniz Universitetlər şəbəkələrinin birgə təşkilatçılığı ilə “Enerji İqtisadiyyatı və Yaşıl Keçid üzrə Gələcək Perspektivlər və İqlim Dəyişikliyinə Uyğunlaşma” adlı beynəlxalq seminar keçirilib.

APA xəbər verir ki, tədbir iştirakçıları olan Türkiyə, Yunanıstan, Bolqarıstan və ukraynalı qonaqlar öncə UNEC-in infrastrukturu ilə tanış olublar.

Seminarın açılışında çıxış edən elm üzrə prorektor dosent Fariz Əhmədov iştirakçıları salamlayaraq, mövzunun aktuallığından danışıb və tədbirin proqramı barədə məlumat verib. Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Neman Muradlı isə UNEC-in həyata keçirdiyi beynəlxalq layihələrlə bağlı çıxış edib.

Seminar Azərbaycanla yanaşı, Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatının (QDİƏT) üzv dövlətlərində enerji iqtisadiyyatı üzrə prioritetlər, iqlim dəyişikliyi, yaşıl iqtisadiyyata keçid, yaşıl enerji və dayanıqlılığa həsr olunan müzakirələrlə davam edib.

Yunanıstanın Saloniki Aristotel Universitetinin professorları Dr.Grigoris Zarotiadis və Nicolas Moussiopoulos müasir və enerji iqtisadiyyatındakı gələcək problemlərdən, Bolqarıstanın Sofiya Universitenin professoru Dr. Marina Stefanova yaşıl keçidə aktiv yanaşma və maraqlı tərəflərin cəlb edilməsindən, Türkiyənin Boğaziçi Universitetinin professoru Tamer Atabart Asiya və Avropa arasında balanslaşdırılmış və ağıllı enerjiyə keçiddə Türkiyənin rolundan, UNEC-in şöbə müdiri, gənc tədqiqatçı Nərgiz Hacıyeva Qarabağ bölgəsində yaşıl enerji təşəbbüslərinin qiymətləndirilməsindən, Beynəlxalq əməkdaşlıq departamentinin direktoru Nərmin İbrahimova UNEC-in qalib olduğu Erasmus+ layihələrindən danışıb. Qara Dəniz İqtisadiyyatı Əməkdaşlıq Təşkilatının keçmiş Baş Katibi, səfir Michael Kristides, Ukraynanın Zaporojye Milli Texniki Universitetinin professoru Sergey Byelikov, Bolqarıstan Milli Universitetinin prorektoru Michael Musov, Davamlı İnkişaf Həlləri Şəbəkəsinin katibi Marta Garsia-Haro isə enerji iqtisadiyyatı üzrə elmi tədqiqat prioritetləri barədə təqdimatlarla çıxış ediblər.