BMT komitəsi Azərbaycanda inklüziv təhsil proqramının təsdiqlənməsini müsbət hal kimi qiymətləndirib

BMT komitəsi Azərbaycanda inklüziv təhsil proqramının təsdiqlənməsini müsbət hal kimi qiymətləndirib

BMT-nin Əlilliyi olan şəxslərin hüquqları üzrə Komitəsi Azərbaycanın inklüziv təhsil proqramını təsdiqlənməsini müsbət hal kimi qiymətləndirib.

APA xəbər verir ki, bu barədə Komitənin Azərbaycanla bağlı kombinə ikinci və üçüncü periodik hesabatında qeyd olunub. Bildirilib ki, sözügedən hesabat bu gün yekunlaşdırılıb.

Komitənin eksperti və Azərbaycan üzrə həmməruzəçisi Miyeon Kim Azərbaycan hökuməti tərəfindən “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nı təsdiqləməsinin Komitə tərəfindən müsbət inkişaf kimi tanındığını qeyd edib.

Komitədə ekspertlər, həmçinin ictimai nəqliyyatın fiziki məhdudiyyətli şəxslər üçün əlçatanlığı, həmçinin riskli və fövqəladə vəziyyətlərdə sağlamlıq imkanları məhdud şəxslərə yardım üçün hansı mexanizmlərin görülməsi barədə suallar ünvanlanıb.
Azərbaycan nümayəndə heyəti 300-dən çox küçə və yol kəsişməsində 2 300-dən çox pandusun quraşdırıldığını, 70 yolun təmir edilərək yeni panduslar və görmə məhdudiyyətli şəxslər üçün xüsusi səkilərlə təchiz edildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, 2020-2023-cü illərdə Bakıda panduslarla təzhiz edilmiş 524 müasir avtobus istismara verilib və bu istiqamətdə Bakı metropolitenində də işlər görülüb.

Azərbaycan tərəfinin hesabatını təqdim edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Azərbaycan nümayəndə heyətinin rəhbəri Anar Kərimov bildirib ki, hazırda Azərbaycanda 15 reabilitasiya mərkəzi fiziki məhdudiyyətli şəxslərə xidmət göstərir. Bildirilib ki, 2023-cü ildə reabilitasiya mərkəzləri tərəfindən təxminən 90 min sağlamlıq imkanları məhdud şəxsə reabilitasiya xidməti göstərilib.

Hesabatda Azərbaycanda dövlət büdcəsi hesabına 57 növ reabilitasiya xidməti göstərildiyi qeyd olunub. Əlavə olunub ki, 2023-cü ildə təxminən 500 müharibə veteranı müasir texnologiyalı protezlərlə təmin edilib. Bundan başqa, ötən beş il ərzində 4 sosial islahat paketi tətbiq edilib.

Hesabatda qeyd olunub ki, DOST mərkəzlərində 15 sahə üzrə vətəndaşlara 159 xidmət təşkil edilir və bu mərkəzlər fəaliyyəti boyunca həssas qruplardan olan 480-dən çox şəxsə xidmət göstərib.