Türkiyə XİN rəhbəri: Müzakirələrə çağırış Ukraynanın təslim olması demək deyil

Türkiyə XİN rəhbəri: Müzakirələrə çağırış Ukraynanın təslim olması demək deyil

Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir.

APA xəbər verir ki, bunu XI Bakı Qlobal Forumunda çıxış edən Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Türkiyə Ukraynanın suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini dəstəkləyir və tanıyır, bura Krım da daxildir”, - XİN rəhbəri bildirib.

Onun sözlərinə görə, tərəflər arasında müzakirələr üçün Türkiyə təşəbbüslər göstərib.

Nazir xatırladıb ki, bu müharibənin həm də qlobal səviyyədə mənfi nəticələri var və Türkiyə bu nəticələrin aradan qaldırılması üçün cəhdlər edib, nazir Qara dəniz Taxıl Sazişi ilə bağlı səyləri diqqətə çatdırıb.

“Ukraynadakı müharibə artıq 3-cü ilə keçib, hər iki tərəfdən çox saylı itkilər var, dağıntıların miqyası böyükdür”, - XİN rəhbəri vurğulayıb.

Nazir bildirib ki, Türkiyə münaqişənin həlli üçün müzakirələrə, dialoqa hər zaman çağırış edib: “Müzakirələrə çağırış Ukraynanın təslim olması demək deyil. Bu, Ukraynanın legitim maraqlarına cavab verən dialoq yolu ilə həllin tapılması deməkdir. Dialoqa çağırış eyni zamanda, işğalı tanımaq demək deyil”.