Ankara və NATO arasında fikir ayrılığı yaradan məsələlər açıqlanıb

Ankara və NATO arasında fikir ayrılığı yaradan məsələlər açıqlanıb

Türkiyə XİN rəhbəri Ankara və NATO müttəfiqləri arasında fikir ayrılığı yaradan məsələlərə toxunub.

APA xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan XI Bakı Qlobal Forumunda danışıb.

Nazir NATO və Avropa İttifaqının təhlükəsizlik maraqları barədə danışaraq deyib ki, bu gün müzakirə olunan mövzulardan biri də Avropanın təhlükəsizliyi və bununla bağlı tələblərin NATO çərçivəsinə necə uyğunlaşdırılmasıdır: “Ancaq bu da qeyd olunmalıdır ki, NATO-nun fərqli nəzarət mexanizmi var. Biz Türkiyə olaraq vəziyyəti yaxından izləyirik, nazirlər səviyyəsində, hökumət başçılarının sammitində və texniki görüşlərdə öz narahatlıqlarımızı qaldırırıq, müzakirə edirik. Baş katib və onun heyəti, müttəfiqlərlə yaxşı dialoqumuz var".

Hakan Fidan qeyd edib ki, son iki ildə Türkiyə və NATO arasında iki istiqamətdə tez-tez müzakirələr olub: “Bu, Finlandiya və İsveçin üzvlüyə qəbulu məsələsində gedən müzakirələr idi. Biz NATO-nu gücləndirməkdən danışırıqsa, o zaman bizim də qaldıracağımız məsələlər, bizim də narahatlıqlarımız var. Türkiyənin təhlükəsizliyi və ərazi bütövlüyündən danışırıq, biz sərhədin digər tərəfindən təhdid olunuruq, bizim təhlükəsizliyimiz PKK, YPG tərəfindən təhdid olunur. Ancaq digər tərəfdən, bəzi ölkələr bu terror qruplaşmalarına dəstək verir. ABŞ bunu açıq şəkildə edir, bəziləri gizli şəkildə. Ancaq biz də, onlar da NATO ölkələridir, müttəfiqlərdir. Bizim milli təhlükəsizliyimiz təhdid olunur, çünki bu müttəfiqlərimiz terror təşkilatlarına yardım edir.

NATO-nun məqsədi üzv ölkələrin özlərini təhlükəsiz hiss etməsidir.

Digər məsələ müdafiə sənayesində bizə qarşı məhdudiyyətlərin tətbiq olunmasıdır. Terror və müdafiə sənayesinə məhdudiyyətlər bizim NATO qarşısında qaldırdığımız əsas məsələlərdir. Ancaq onu da vurğulamalıyam ki, bizim müttəfiqlərlə sağlam müzakirələrimiz olub”, - Hakan Fidan vurğulayıb.