Deputat idmanın inkişafı ilə bağlı dinləmə keçirilməsini təklif edib

Deputat idmanın inkişafı ilə bağlı dinləmə keçirilməsini təklif edib

Prezidentin Gəncə şəhər stadionunda arenanın yenidən qurulması məqsədilə sərəncam imzalayıb və artıq tikinti işlərinə başlanılıb.

Birxeber.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Müşfiq Cəfərov deyib.

Müşfiq Cəfərov bildirib ki, bununla bərabər stadion ərazisində AFFA tərəfindən müasir futbol akademiyası binasının tikintisi başa çatdırılıb.

Bundan başqa təlim və məşq toplantıları keçirmək üçün süni və təbii örtüklü, standart ölçüdə 3 ədəd stadion Kəpəz PFK əsas heyətinə və digər yaş qruplarının istifadəsinə verilib: “Peşəkar idmanı sponsorsuz təsəvvür etmək mümkün deyil. Mən “Kəpəz” Peşəkar Futbol Klubunun İdarə Heyətinin üzvü olaraq deyə bilərəm ki, bu gün “Kəpəz” yeganə komandadır ki, Peşəkar Futbol Liqasında sponsorsuz fəaliyyətini davam etdirir. Dövlət dəstəyi təbii ki, var, hər bir komanda bunu hiss edir, ancaq sahibkarlarda bu işdə bizim yanımızda olmalıdırlar. Bunun üçün isə təbii ki, ilk növbədə biz Vergi Məcəlləsində idmana dəstək olmaq istəyən sahibkarlar üçün vergi güzəştləri paketi hazırlamalıyıq ki, sahibkarlar idmanın inkişafında davamlı olaraq maraqlı olsunlar. Hazırda onların iştirakını biz əksər futbol klublarında və ya digər idman növlərində görürük. Onların dəstəyi təbii ki, daha çox münasibətlər və ya xahiş üzərindən qurulub, bu da davamlı olaraq daim idmanın yanında olmaq imkanını yaratmır. Təklif edirəm ki, bunun üçün parlamentin Gənclər və idman komitəsi, İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsi, Gənclər və idman Nazirliyi, İqtisadiyyat Nazirliyi o cümlədən, idman federasiyalarının iştirakı ilə bir dinləmə keçirək və bununla bağlı konkret təklifləri müəyyənləşdirək. Belə bir addımın atılması idmanın inkişafına böyük təkan vermiş olacaq”.