AFFA "Kəpəz"in akademiyasına media tur təşkil edib

AFFA "Kəpəz"in akademiyasına media tur təşkil edib

AFFA idman jurnalistləri üçün "Kəpəz"in yeni istifadəyə verilən akademiyasına media tur təşkil edib.

"Report"un Gəncəyə ezam olunan əməkdaşının məlumatına görə, jurnalistlər akademiyanın binası və məşq mərkəzi ilə tanış olublar.

Media nümayəndələrinə görülən işlər, yaradılan şərait barədə ətraflı məlumat verilib. Bildirilib ki, akademiya və məşq mərkəzi FIFA, UEFA və AFFA-nın birgə dəstəyi sayəsində inşa olunub.

Akademiyada 96 nəfərin qalması üçün şərait yaradılıb. 3 mərtəbədən ibarət binada klubun baş ofisi, inzibati mərkəz, restoran, futbolçuların və akademiya üzvlərinin istirahəti üçün otaqlar, sauna, fitnes zalı mövcuddur. Binanın hər bir mərtəbəsində Gəncə və Azərbaycan futbolunun görkəmli nümayəndələri ilə bağlı məlumat lövhələri yerləşdirilib.

Akademiyanın restoranından eyni zamanda iki komandanın istifadə etməsi üçün şərait yaradılıb. İclas otağında isə 50-ə yaxın şəxsin iştirakı mümkündür. Akademiyada qalanlar üçün 6 nəfərlik standart otaqlar nəzərdə tutulub.

Qeyd edək ki, akademiya və məşq mərkəzi artıq klub üzvlərinin istifadəsinə verilib.