Azərbaycanda inhisarçı davranışların qarşısının alınması müzakirə edilib

Azərbaycanda inhisarçı davranışların qarşısının alınması müzakirə edilib

Ali Məhkəmədə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri ilə bazar iştirakçılarının inhisarçı davranışlarının qarşısının alınması müzakirə edilib.

Bu barədə "Report"a Ali Məhkəmədən bildirilib.

Məlumata görə, müzakirələrdə hakimlər və aparat əməkdaşları iştirak edib. Görüşdə iyulun 1-dən qüvvəyə minəcək Rəqabət Məcəlləsinin təqdimatı keçirilib, bu sahədə istifadə olunan qanunvericilik və beynəlxalq təcrübə barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

"Rəqabət Məcəlləsinin qəbulu bazar subyektlərinin inhisarçı davranışlarının qarşısının alınması, haqsız rəqabət hallarının aradan qaldırılması və təbii inhisar subyektlərinin fəaliyyətinə effektiv nəzarətin təşkilində təsirli alət və mexanizmlərdən istifadəyə imkan yaratmaqla, ölkə iqtisadiyyatının və azad sahibkarlığın inkişafına töhfə verəcək. Maraqlı şəxslərin rəqabət qanunvericiliyinin pozulması ilə bağlı işin yekunu üzrə rəqabət orqanının qərar və göstərişlərindən, onun vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət vermək hüququ var. Rəqabət qanunvericiliyinin pozulması nəticəsində vurulmuş zərərin müəyyən edilməsi və ödənilməsinə məhkəmə qaydasında baxılır", - deyə müzakirələrdə bildirilib.

Görüşdə Rəqabət Məcəlləsinin təkmilləşdirilməsi üçün nəzərdə tutulan yeniliklərdən də bəhs edilib.