"Tengiz" yatağından BTC ilə nəql olunan neftin həcmi məlum olub

"Tengiz" yatağından BTC ilə nəql olunan neftin həcmi məlum olub

Bu ilin yanvar-fevral aylarında “KazTransOil” şirkəti Aktau limanı vasitəsi ilə “Tengiz” yatağından Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC) istiqamətində 232 min ton həcmində Qazaxıstan nefti göndərib.

APA-Economics” bu barədə “KazTransOil”ın yaydığı məlumata istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə Aktau limanından Mahaçqala limanına 331 min ton neft göndərilib.

Xatırladaq ki, ötən il Qazaxıstan neftinin Aktau limanından ixracı 3 mln. 376 min ton təşkil edib ki, bu da 2022-ci ilin göstəricisi ilə müqayisədə 1 mln. 108 min ton və ya 49%-ə yaxın çoxdur. 2023-cü ildə Qazaxıstan neftinin Aktau limanından ixrac üçün nəqlinin həcminin artması Bakı limanı istiqaməti üzrə daşınan xammalın həcminin 205 min tondan 1 mln. 392 min tona, yəni 2022-ci ilin göstəricisi ilə müqayisədə 5,5 dəfə artması ilə bağlıdır. O cümlədən, Bakı limanı istiqaməti üzrə “Tengiz” yatağından 1 mln. 057 min ton neft göndərilib.