Mirzoyan Hakan Fidanla görüşü zamanı müzakirə olunan məsələləri açıqlayıb

Mirzoyan Hakan Fidanla görüşü zamanı müzakirə olunan məsələləri açıqlayıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyə xarici işlər naziri Hakan Fidanla Antalyada təşkil olunan III Diplomatiya Forumu çərçivəsində görüşü zamanı müzakirə olunan məsələləri açıqlayıb.

APA xəbər verir ki, erməni nazir ölkə parlamentinin xarici əlaqələr komitəsinin iclasında çıxışı zamanı bununla bağlı danışıb.

Mirzoyan qeyd edib ki, görüş zamanı ölkəsinin üçüncü ölkə vətəndaşları və diplomatik pasportlara malik şəxslər üçün Ermənistan-Türkiyə sərhədinin qismən açılmasına dair razılaşmaya sadiqliyini təsdiqləyib. O həmçinin qeyd edib ki, Türkiyə ilə sərhəddə yerləşən Ani körpüsünün birgə təmiri barədə də razılıq əldə olunub: “Hazırda körpünün Ani yaxınlığındakı hissəsi ilə bağlı konkret protokollar mübadiləsi aparılır. Təəssüf ki, daha bir razılaşma - sərhədin qismən açılması hələ də həyata keçirilməyib”.

Ermənistanın XİN rəhbəri bildirib ki, nazirlə görüşdə həmin sazişin qüvvədə qalması təsdiqlənib. Mirzoyan forum çərçivəsində Türkiyə mətbuatına müsahibə verdiyini xatırladıb: “Bizim üçün təkcə Türkiyə tərəfinin rəsmiləri ilə deyil, həm də Türkiyə cəmiyyəti ilə ünsiyyət və özümüzü tanıtmaq mühümdür. Ermənistan-Azərbaycan danışıqları da daxil olmaqla, mövqelərimizi və ideyalarımızı türkiyəli tərəfdaşlara, eləcə də ictimaiyyətə çatdırmaq ən azından düzgün anlaşılma baxımından çox vacibdir”.