Əhliman Əmiraslanov: Onkoloji xəstəliklərin sığorta ilə əhatə olunmaması anlaşılan deyil

Əhliman Əmiraslanov: Onkoloji xəstəliklərin sığorta ilə əhatə olunmaması anlaşılan deyil

İcbari tibbi sığorta fondunun maliyyə vəsaiti hesabat ilində 2 milyard manata yaxınlaşıb.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Deputat bildirib ki, icbari tibbi sığorta ilə əhatə olunan cərrahi əməliyyatlara qoyulan say məhdudiyyətinin aradan qaldırılacağına ümid edir: “154 özəl xəstəxana sığortaya cəlb edilənlər sırasına əlavə edilib. Əhalinin sığortadan məmnunluğunun artması ilə yanaşı 5 milyondan çox insan 22 milyondan çox müraciət edib. Ümumiyyətlə, çox az sayda tibbi xidmətlər istisna olmaqla, bütün xidmətlər sığorta ilə əhatə olunmalıdır. Onkoloji xəstəliklərin sığorta ilə əhatə olunmaması anlaşılan deyil. Səbəb bu xəstəliyin müalicəsinin çox maliyyə tutumu olması göstərilir. Təxirə salınmadan onkoloji xəstəliklərin icbari tibbi sığorta ilə əhatə edilməsi təmin olunmalıdır, dərman vasitələri sığorta ilə qarşılanmalıdır”.

Komitə sədri xatırladıb ki, hesabat ilində “Dərman vasitələri haqqında” qanuna edilən dəyişikliklər bu sahədə problemlərin aradan qaldırılmasına şərait yaradacaq.