Milli Peyvənd Təqviminə bəzi xəstəliklərə qarşı vaksinasiyanın daxil edilməsi təklif olunur

Milli Peyvənd Təqviminə bəzi xəstəliklərə qarşı vaksinasiyanın daxil edilməsi təklif olunur

Milli Peyvənd Təqviminə bəzi xəstəliklərə qarşı vaksinasiyanın daxil edilməsi təklif olunur.

"Report" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Soltan Məmmədov martın 15-də hökumətin hesabatının parlamentdə müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, immunoprofilaktika yoluxucu infeksion xəstəliklərə qarşı ən effektiv müdafiə metodu kimi Azərbaycanda hər zaman uğurla həyata keçirilib: "Ümumdünya Səhiyyə Təşkilatının hesabatlarında da ölkəmizin bu sahədə qabaqcıl yerlərdə olduğu əksini tapıb. Bəzi infeksion xəstəliklərin, xüsusilə, uşaqlar arasında qızılca xəstəliyinin yayılması immunoprofilaktika tədbirlərinin nə qədər vacib olduğunu bir daha təsdiq edir. 1 yaşına qədər uşaqların beşvalentli vaksinlə 68,3 faiz, pnevmokok əleyhinə peyvəndlə 68,2 faiz, 6 yaşlı uşaqların qızılca, məxmərək və epidemik parotit əleyhinə vaksinlə 72,3 faiz əhatə olunması bu sahədə daha çox səy göstərilməsinin zəruriliyinə işarədir".

Deputat bildirib ki, uşaqların peyvənd proqramlarına cəlb olunması məsələsinə yenidən baxmaq, ehtiyac olduğu halda bəzi digər xəstəliklərə qarşı vaksinasiyanı da Milli Peyvənd Təqviminə daxil etmək olar: "Biz bu mövzuda Səhiyyə Nazirliyi ilə mütəmadi müzakirələr aparırıq və təqdirəlayiq haldır ki, nazirlik məsələni xüsusi diqqətdə saxlayır".