Azad edilmiş ərazilərdə infrastrukturla bağlı görülən işlər açıqlanıb

Azad edilmiş ərazilərdə infrastrukturla bağlı görülən işlər açıqlanıb

İşğaldan azad edilmiş ərazilərdə bütün sosial infrastruktur obyektləri, yollar, tunellər və körpülər inşa edilir.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edən Baş nazir Əli Əsədov bildirib.

Baş nazir deyib ki, elektrik təsərrüfatı yenidən qurulur, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında istifadəyə veriləcək: “24 yaşayış məntəqəsində isə qaz xəttinin çəkilməsi həyata keçirilib. Azad edilmiş ərazilərdə 165 MVt gücündə 20 stansiya “Azərenerji” tərəfindən istismar edilməkdədir.

İşğaldan azad olunan ərazilərdə “yaşıl enerji” potensialının yaradılması məqsədi ilə 122 MVt gücündə 17 ədəd Su Elektrik Stansiyası yenidən qurulub, tikilib, və ya bərpa edilib, 73 MVt gücündə 9 ədəd SES-in tikintisi davam etdirilib”.