Baş nazir: “Ötən il işğaldan azad edilmiş ərazilərdə 24 yaşayış məntəqəsinə qaz xətti çəkilib”

Baş nazir: “Ötən il işğaldan azad edilmiş ərazilərdə 24 yaşayış məntəqəsinə qaz xətti çəkilib”

2023-cü ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki 24 yaşayış məntəqəsinə qaz xəttinin çəkilməsi həyata keçirilib.

“Report” xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.

Baş nazir xatırladıb ki, bu ərazilərdə bütün sosial infrastruktur obyektləri, yollar, tunellər və körpülər inşa edilir: “Elektrik təsərrüfatı yenidən qurulur, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında istifadəyə veriləcək. Azad edilmiş ərazilərdə 165 MVt gücündə 20 stansiya “Azərenerji” tərəfindən istismar edilməkdədir”.

Hökumət başçısı əlavə edib ki, işğaldan azad olunan ərazilərdə “yaşıl enerji” potensialının yaradılması məqsədi ilə 122 MVt gücündə 17 ədəd Su Elektrik Stansiyası yenidən qurulub, tikilib və yaxud bərpa edilib, 73 MVt gücündə 9 ədəd SES-in tikintisi davam etdirilib.