Bakı Qlobal Forumu parçalanmış dünyada birgə mübarizə platformasına çevrilib - RƏY

Bakı Qlobal Forumu parçalanmış dünyada birgə mübarizə platformasına çevrilib - RƏY

Bakı Qlobal Forumu parçalanmış dünyada birgə mübarizə platformasına çevrilib.

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, 11 ildir keçirilən Bakı Qlobal Forumu artıq qlobal miqyasda aparıcı beynəlxalq konfranslardan birinə çevrilib:

"Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nüfuzu, potensialı, iştirakçıların sayı ilbəil artmaqdadır. Təsadüfi deyil ki, bu il foruma rekord sayda iştirakçı qatıldı - 68 ölkədən 400-dən çox qonaq. Qeyri-sabitlik, qarşıdurma ocaqlarının meydana gəldiyi bir vaxtda müzakirələrə, intellektual platformalara da ehtiyac artır. Bu baxımdan 11-ci Bakı Qlobal Forumunun “Parçalanmış dünyanın bərpası”na həsr olunması günün tələbidir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərinin və iştirakçılarının bu sahədə təcrübəsi effektiv ola bilər".

Deputat əlavə edib ki, Bakı Qlobal Forumu mövcud çağırışlara, yəni, parçalanmış dünyada olan bütün maneələrə qarşı birgə mübarizə platformasına çevrilib: "Son bir ilin mənzərəsinə nəzər yetirdikdə isə Cənubi Qafqazda baş verən dəyişikliyi xüsusi qeyd etməliyik. Prezident İlham Əliyevin də söylədiyi kimi, son bir ildə baş verən əsas geosiyasi dəyişiklik Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasıdır. Bu, dünyada hələ də davam etməkdə olan əlli aktiv münaqişə ocağının olduğu bir vaxtda baş verdi. Bu hadisə həll olunmayan kimi görünən münaqişələrin həllinə çox müsbət təsir göstərəcək".

Milli Məclisin üzvü bildirib ki, Forumun açılışında dövlət başçımızın verdiyi əsas mesajlardan biri də sülhlə bağlı oldu: "Belə ki, Ermənistan və onun havadarlarının müharibə ritorikasının reallığı əks etdirmədiyi bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Bəyan olundu ki, indi biz Ermənistanla heç vaxt olmadığımız qədər sülhə yaxınıq. Cənubi Qafqazın müstəqillik tarixində heç vaxt sülh bu qədər yaxın olmayıb. Bu isə İkinci Qarabağ müharibəsinin nəticəsidir. “Bunun artıq çox müsbət təsiri var və söhbət təkcə Cənubi Qafqazdakı vəziyyətdən getmir. Hesab edirəm ki, bu, həll olunmayan kimi görünən münaqişələrin həlli üçün bir model olaraq istifadə edilə bilər” deyən dövlət başçımızın da söylədiyi kimi bu, beynəlxalq hüququn alilik prinsipi əsasında baş tutmalıdır".

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin ən ciddi mesajlarında biri də Fransanın qərəzli mövqeyi ilə bağlı oldu: "Belə ki, Fransanın regiondakı reallıqlara beynəlxalq ictimaiyyətin yanaşması ilə ziddiyyət təşkil etdiyini diqqətə çatdıran dövlət başçımız Parisin BMT başda olmaqla əksər beynəlxalq təşkilatlarda ölkəmizə qarşı sanksiyaların tətbiqinə dair uğursuz cəhdlərini xatırlatdı. Qlobal Forum iştirakçıları da Evian şəhərində Azərbaycan şairi Natəvanın heykəlinə qarşı vandalizm aktını ikili standartların növbəti göstəricisi hesab edərək pislədilər. Ukraynaya ərazi bütövlüyünü bərpa etməyə kömək üçün qoşun göndərəcəyini bəyan edən Fransanın öz ərazi bütövlüyünü bərpa etmiş Azərbaycana qarşı qərəzi qəbuledilməzdir".

K.Nurullayeva vurğulayıb ki, Bakı Qlobal Forumunda eyni zamanda Azərbaycanın ev sahibliyi edəcəyi ən nüfuzlu tədbirlərdən biri – COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılır: "Forum iştirakçıları da bu qənaətdədir ki, COP29-a ev sahibliyi müstəqil yaşayan və heç kəsdən asılı olmayan bir ölkənin uğurla inkişafını təsdiq etmiş olacaq".