Azərbaycanın Efiopiyadakı səfiri etimadnaməsini ölkə prezidentinə təqdim edib - FOTO

Azərbaycanın Efiopiyadakı səfiri etimadnaməsini ölkə prezidentinə təqdim edib  - FOTO

Azərbaycanın Efiopiyadakı fövqəladə və səlahiyyətli səfiri Ruslan Nəsibov martın 14-də etimadnaməsini ölkə Prezidenti xanım Sahle-Vork Zevdeyə təqdim edib.

Birxeber.Az xəbər verir ki, təqdimatdan sonra baş tutan söhbət zamanı Azərbaycan Prezidenti cənab İlham Əliyevin səmimi salamları xanım Sahle-Vork Zevdeye çatdırılıb. Efiopiya Prezidenti də öz səmimi salamlarının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.

Söhbət əsnasında iki ölkə arasında ənənəvi dostluq əlaqələrinin tarixi əhəmiyyəti, hər iki ölkədə müxtəlif etnik qruplara, dinə və adət-ənənəyə malik xalqların sülh və əmin-amanlıq şəraitində yaşadığı və bu faktorun ölkələrimizi daha da zənginləşdirdiyi və gücləndirdiyi vurğulanaraq ikitərəfli və çoxtərəfli müstəvidə həyata keçirilən əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Eyni zamanda, iqtisadi, siyasi, investisiyaların cəlb edilməsi, humanitar, vətəndaşlara xidmət və turizm kimi sahələrdə əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Efiopiya Prezidenti Azərbaycan səfirinə uğurlar arzulayaraq, iki ölkə arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi üzrə həyata keçiriləcək fəaliyyətdə köməkliyin göstərilməsinə hazır olduğunu bildirib.