Azərbaycan səfiri etimadnaməsini Efiopiya Prezidentinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsini Efiopiya Prezidentinə təqdim edib

Martın 14-də Azərbaycanın Efiopiyadakı səfiri Ruslan Nəsibov etimadnaməsini Efiopiya Prezidenti Sahle-Vork Zevdeyə təqdim edib.

Bu barədə “Birxeber.Az”a Azərbaycanın Şərqi Afrika ölkəsindəki diplomatik missiyasından bildirilib.

Təqdimatdan sonra baş tutmuş söhbət zamanı Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamları Sahle-Vork Zevdeye çatdırılıb və Efiopiya Prezidenti də öz səmimi salamlarının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.

Söhbət əsnasında iki ölkə arasında ənənəvi dostluq əlaqələrinin tarixi əhəmiyyəti, hər iki ölkədə müxtəlif etnik qruplara, dinə və adət-ənənəyə malik xalqların sülh və əmin-amanlıq şəraitində yaşadığı və bu faktorun ölkələrimizi daha da zənginləşdirdiyi və gücləndirdiyi vurğulanaraq ikitərəfli və çoxtərəfli müstəvidə həyata keçirilən əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda, iqtisadi, siyasi, investisiyaların cəlb edilməsi, humanitar, vətəndaşlara xidmət və turizm kimi sahələrdə əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Efiopiya Prezidenti Azərbaycan səfirinə uğurlar arzulayaraq iki ölkə arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi üzrə həyata keçiriləcək fəaliyyətdə köməkliyin göstərilməsinə hazır olduğunu bildirib.