Masallıda Aqrar biznes festivalı keçirilib  

Masallıda Aqrar biznes festivalı keçirilib  

Masallı rayonunda Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Aqrar biznes festivalı keçirilib.

"Report"un məlumatına görə, Masallı “ASAN xidmət” mərkəzində keçirilən festivalda fermerləri maraqlandıran müxtəlif kənd təsərrüfatı təyinatlı texnologiyalar və məhsullar nümayiş olunub.

Aqrar biznes festivalı Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar və Neftçala rayonlarından olan fermerlər tərəfindən ziyarət olunub.

İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun, İstehlak Mallarının Ekspertizası Mərkəzinin və Sahibkarlar Konfederasiyasının tərəfdaşlığı ilə baş tutan festivalda müxtəlif qurumların mütəxəssisləri dövlət və özəl sektorun əməkdaşlığı çərçivəsində fermer və sahibkarlara göstərilən dəstək barədə məlumat veriblər.

Festivalda çıxış edənlər fermerlərin maarifləndirilməsi istiqamətində rayonda keçirilən bu cür tədbirlərin əhəmiyyətli olduğunu və aqrar sahəyə öz töhfəsini verəcəyini vurğulayıblar.