Bakı Qlobal Forumu çərçivəsində növbəti panel keçirilib

Bakı Qlobal Forumu çərçivəsində növbəti panel keçirilib

Bakı Qlobal Forumu çərçivəsində “Qlobal İdarəetmənin Təsdiqlənməsi/Gələcəyin Zirvəsi” mövzusunda panel keçirilib.

Birxeber.Az-nın xəbərinə görə, panelin moderatoru Bosniya və Herseqovinanın BMT yanında daimi nümayəndəsi, Bosniya və Herseqovinanın sabiq Baş naziri (2001-2002-ci illər) Zlatko Laqumdzija olub.

Birləşmiş Millətlər Təşkilatının Siyasət üzrə Baş katibinin müavini Qay Rayder deyib ki, dünyanın parçalanması özü-özlüyündə təhlükələrə yol açır: “Biz həm də kibertəhlükəsizlik, silahlanmanın qarşısının alınması barədə düşünməliyik. Texnologiya bərabər şəkildə paylanmalıdır. Bu bərabərlik insan hüquqları və azadlıqları ilə ayaqlaşmalıdır”.

Avropa Mərkəzi Bankının sabiq prezidenti (2003-2011-ci illər), Fransa Bankının sabiq sədri (1993-2003-cü illər) Jan-Klod Trişe bu gün kövrək dünyada yaşadığımızı söyləyib: “Beynəlxalq Valyuta Fondunda qərar vericilər ABŞ və Avropa ölkələridir. Dünya Bankında əsas qərarları 10 ölkə qəbul edir. Özəl sektora kapital axımı artırılmalı, şərtlər yumşaldılmalıdır. Əgər Beynəlxalq Valyuta Fondu və Dünya Bankında islahatlar aparılsaydı, “Böyük İyirmilər” daha effektli platforma olardı. Biz gələcəkdə gözlənilən böhranların, maliyyə sarsıntılarının qarşısını almaq üçün hərəkətə keçməliyik. Beynəlxalq maliyyə institutlarında sürətli islahatlar həyata keçirilməlidir. Əks halda biz qlobal maliyyə böhranlarının qarşısını ala biləcəyikmi? Hələ ki, çox gecikmişik”.

BMT Baş Assambleyasının 73-cü Sessiyasının prezidenti, Ekvadorun sabiq xarici işlər naziri (2017-2018-ci illər), Ekvadorun sabiq müdafiə naziri (2012-2014-cü illər) Maria Fernanda Espinosa bildirib ki, kütləvi yoxsulluq, qaçqınlar problemi göz önündədir: “Biz güclərin fərqli paylanmasını müşahidə edir, çoxqütblü dünyada yaşayırıq. Dünya tam şəkildə dəyişməlidir”.

Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus yeniliyə can atmalı olduğumuzu söyləyib: “Köhnə maşını təmir etmək bizə heç nə verməyəcək”.

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Müdafiə üzrə Ali Komissarının köməkçisi Ruvendrini Menikdivela əksər qaçqınların Afrika mənşəli olduğunu nəzərə çatdırıb: “Qaçqın və köçkünlərin ilk növbədə doğma torpaqlarına qayıtmasına çalışmalıyıq. Cənubi Sudanda bu problem kəskin xarakter daşıyır. Eyni zamanda BMT qurumlarında da islahatlar zəruridir. Məsələn, Azərbaycanda BMT-nin qurumlarını bir çətir altında birləşdirməyə çalışırıq, bu, daha effektivdir”.

BMT Baş Assambleyasının 77-ci Sessiyasının sədri Csaba Korosi BMT Təhlükəsizlik Şurasının özünün bir problemə çevrildiyini söyləyib: “Təhlükəsizlik Şurası da vəzifələrlə yüklənir. Biz strateji planlardan kasadıq. Bu da təhlükəli situasiyaya gətirib çıxarır”.

İsveçrənin sabiq Prezidenti (2007- 2011), İsveçrənin sabiq vitse-prezidenti, İsveçrənin sabiq xarici işlər naziri Micheline Calmy-Rey qeyd edib ki, kim güclüdürsə, Ümumdünya Ticarət Təşkilatı, BMT ona səs verir: “ABŞ mövcud ödəniş sistemini Çinə qarşı istifadə etməyə çalışır və bu da toqquşmalara yol açır, fərqli ödəniş sistemləri axtarışı ortaya çıxır. Bu da ÜTT-nin zəifliyindən baş verir”.

İslandiyanın sabiq prezidenti (1996-2016-cı illər) Olafur Ragnar Grimsson Azərbaycan və Türkiyədən mesaj aldıqlarını qeyd edib: “Azərbaycan hərbi yolla taleyüklü problemi həll edib. Beynəlxalq təşkilatların ikili standartları nəticəsində bu münaqişə illərlə həllini tapmayıb. Eyni zamanda Türkiyə tərəfi regional əməkdaşlığın əhəmiyyətindən bəhs etdi. 30 il münaqişə həll edilməmiş qalıb. 30 il həm də BMT-də islahatlar aparılmamasının bir sonucudur”.

Olafur Ragnar Grimsson bildirib ki, İkinci Dünya Müharibəsindən miras qalan beynəlxalq təsisatların bu günün tələblərinə nə dərəcədə cavab verdiyi bir sual kimi qarşıda durur: “Televiziya ekranlarında daha çox Ukrayna və Qəzzada baş verənləri göstərilir, Trampın prezident seçilmək üçün mübarizəsi diqqət mərkəzindədir”.

Panel müzakirələrlə davam edib.