Şeyxülislam: ABŞ-dən həqiqətlərin yanında olmasını gözləməyimiz təbiidir

Şeyxülislam: ABŞ-dən həqiqətlərin yanında olmasını gözləməyimiz təbiidir

Martın 14-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Mark Libbini qəbul edib.

QMİ-dən Birxeber.Az-ya verilən xəbərə görə, səfiri yeni təyinatı münasibətilə təbrik edən Şeyxülislam ona fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, yeni səfirin ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyinə ümidvardır. Fəaliyyət göstərdiyi ölkənin dini lideri ilə müsəlmanlar üçün müqəddəs olan Ramazan ayında görüşməyindən məmnunluq duyduğunu bildirən amerikalı səfir Azərbaycanın dini-mənəvi həyatı ilə yaxından tanış olmaq üçün bu görüşə xüsusi əhəmiyyət verdiyini diqqətə çatdırıb.

Görüşdə QMİ sədri Allahşükür Paşazadə Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyəsi, dinlərarası əməkdaşlıq və məzhəblərarası anlaşma mühiti barədə ətraflı məlumat verib. Azərbaycanda müxtəlif din və məzhəb daşıyıcılarının bir ailənin üzvləri kimi dinc birgə yaşadıqlarını, ölkəmizin tolerant dini həyatı, nümunəvi multikultural həyat modeli ilə gündəmdə olmasını diqqətə çatdırıb, dini mərkəz — Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyət istiqamətləri barədə məlumat verib. Dünya miqyasında dinlərarası dialoq müstəvisində Azərbaycanın ön yerlərdə olmasının əsas səbəbinin məhz bu örnək təcrübə və heç şübhəsiz ki, dövlətimizin apardığı müdrik siyasət, insan həmrəyliyinə xidmət edən ideyaları olduğunu xüsusi vurğulayıb.

Azərbaycandakı dini konfessiya nümayəndələrinin ötən il ABŞ-a səfərini xatırladan Şeyxülislam Allahşükür Paşazadə bu ölkənin müxtəlif din ardıcılları ilə yüksək səviyyədə münasibətlərin mövcudluğunu yüksək dəyərləndirdiyini səfirin diqqətinə çatdırıb. QMİ sədri Azərbaycanın bu il evsahibliyi edəcəyi VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və COP 29 tədbirlərini xatırladaraq, hər iki qlobal tədbir çərçivəsində dünya dini liderlərinin bir araya gələcəyi panel və zirvə görüşləri barədə məlumat verdi.

Səfir M.Libbi fəaliyyətdə olduğu qısa müddətdə Azərbaycandakı dini həyatla bağlı gəldiyi qənaətlərlə bölüşərək bildirib ki, ölkədə dini konfessiyalar arasında dostluq münasibətlərinin mövcudluğunda, habelə dinlərarası dialoq prosesində dini lider olaraq Şeyxülislamın müstəsna rolu vardır.

O, həmçinin, Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmasında dini liderlərin rolunun mühüm olduğuna toxunub. Şeyxülislam Allahşükür Paşazadə təəssüflə qeyd etdi ki, uzun onilliklər ərzində erməni kilsəsi ilə sülh yönündə danışıqlarda iştirak edib, lakin Azərbaycan dünya birliyi tərəfindən tanınan ərazilərini BMT qətnamələrinə əsasən azad etdikdən sonra erməni kilsəsi yalnız revanşist mövqe nümayiş etdirir, bölgədə sülh, xalqlar arasında dinc yanaşı yaşamaq ideyasını rədd edir, nifrət çağırışları ilə çıxış edir. Bu əsnada, Şeyxülislam A.Paşazadə amerikalı səfiri azad olunmuş torpaqlarımıza səfər edərkən erməni vandalizminin nəticələrinə diqqət etməyə çağırıb. Bildirib ki, bu dağıntıları törədən, məscidləri, hətta kilsələri dağıdan Ermənistan Azərbaycan barədə böhtan və qarayaxmalar yayır. Şeyxülislam bildirib ki, bu kimi məsələlərə dair ABŞ kimi böyük dövlətdən həqiqətlərin yanında olmasını gözləməyimiz təbiidir.

Amerikalı səfir bölgədə sabitlik və suverenliyin ən yaxşı qarantı, tərəqqi və çiçəklənmənin təməli olaraq sülhün əldə olunmasının hamının maraqlarına cavab verdiyi fikrində olduğunu diqqətə çatdırıb. M.Libbi Şeyxülislam A. Paşazadəni qarşıdan gələn Novruz Bayramı münasibətilə təbrik edib və ilk dəfə Azərbaycanda bu bayramı böyük məmnuniyyətlə xalqımızla bərabər keçirəcəyini ifadə edib.

Görüşdə Azərbaycan ilə ABŞ arasında dini-mədəni sahədə münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparılıb.