Uqoçi Daniels: Beynəlxalq Miqrasiya Təşkilatı COP29-un təşkilində Azərbaycana dəstək verməyə hazırdır

Uqoçi Daniels: Beynəlxalq Miqrasiya Təşkilatı COP29-un təşkilində Azərbaycana dəstək verməyə hazırdır

Beynəlxalq Miqrasiya Təşkilatı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) təşkilində Azərbaycana dəstək verməyə hazırdır.

"Report" xəbər verir ki, bunu XI Qlobal Bakı Forumunda iştirak məqsədilə Bakıda səfərdə olan Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunun müavini Uqoçi Daniels Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşündə deyib.

Görüşdə Azərbaycan və Beynəlxalq Miqrasiya Təşkilatı arasında əməkdaşlıq perspektivləri, o cümlədən cari ildə Azərbaycanda keçiriləcək COP29-a hazırlıq işlərindən irəli gələn məsələlər müzakirə olunub.

C.Bayramov rəsmi Bakının Birləşmiş Millətlər Təşkilatının (BMT) digər ixtisaslaşmış qurumları ilə olduğu kimi Beynəlxalq Miqrasiya Təşkilatı ilə də sıx əməkdaşlığının mövcud olduğunu qeyd edərək, xüsusilə miqrasiya sahəsində qanunvericiliyin və institutların təkmilləşdirilməsi üzrə birgə layihələrin icrasının məmnunluq doğurduğunu bildirib.

Qarşı tərəf postmünaqişə dövründə Azərbaycanın bərpa, yenidənqurma, sülh təşəbbüsləri barədə ətraflı məlumatlandırılıb.

Azərbaycanın cari ildə COP29-a ev sahibliyi edəcəyini qeyd edən C.Bayramov, iqlim dəyişikliyinin əlaqədar olduğu bir sıra sahələr, o cümlədən miqrasiya istiqaməti üzrə əməkdaşlığın vacibliyini vurğulayıb. Bu istiqamətdə Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlığa hazır olduğumuz diqqətə çatdırılıb.

Uqoçi Daniels COP29-a ev sahibliyi münasibətilə təbrik edib, sədrlik fəaliyyətində uğurlar arzulayıb. Miqrasiya siyasətinin inkişafı, məcburi köçkünlərin öz torpaqlarına qayıdışının təmininə uğurla nail olan Azərbaycanın bu məsuliyyətli tədbirin təşkilində də uğur qazanacağına dair inam ifadə olunub, habelə Beynəlxalq Miqrasiya Təşkilatının da öz növbəsində prosesə mümkün dəstəyi göstərməyə hazır olduğu bildirilib.