Rüşvət müqabilində dövlət mülkiyyətində olan mənzilləri istifadəyə verən vəzifəli şəxsə cinayət işi başlanıb

Rüşvət müqabilində dövlət mülkiyyətində olan mənzilləri istifadəyə verən vəzifəli şəxsə cinayət işi başlanıb

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Ağdam rayon Mənzil kommunal istismar sahəsinin rəisi Valeh Abdullayev barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

"Birxeber.Az"un Qarabağ bürosu xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, əməliyyat-istintaq tədbirləri ilə Valeh Abdullayevin müxtəlif şəxslərin işlə təmin olunması, təqaüd yaşına çatanların işdən çıxarılmaması, faktiki olaraq işə gəlməyən şəxslərə əməkhaqqı verilməsinə şərait yaradılması, təmsil etdiyi qurumun balansında olan mənzillərin başqa şəxslərin istifadəsinə verilməsi və digər bu kimi qanunsuzluqlar müqabilində onlardan təkrarən rüşvət istəməsinə əsaslı şübhələr müəyyən edilib. O, tələb etdiyi pul vəsaitlərini vətəndaşlardan alarkən cinayət başında yaxalanıb. Sadalanan qanunsuz əməllər əməliyyat-axtarış tədbirləri zamanı qeydə alınan videogörüntülər, Valeh Abdullayevin xidməti otağına keçirilmiş baxış nəticəsində götürülmüş sənədlər və digər sübutlarla təsdiqini tapıb.

Vurğulanıb ki, ilkin sübutlar əsasında Valeh Abdullayev Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma təkrar törədildikdə) və 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddələri ilə şübhəli şəxs qismində tutulmaqla ona həmin maddələrlə ittiham elan edilib, barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı və vəzifədən kənarlaşdırma növündə qətimkan tədbirləri seçilib.

Qeyd olunub ki, hazırda qeyd edilən qanunsuz əməllərin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi və digər halların yoxlanılması istiqamətində əməliyyat-istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.