Fransa və ABŞ-nin Ukrayna üzərindən çirkin oyunları - ŞƏRH

Fransa və ABŞ-nin Ukrayna üzərindən çirkin oyunları - ŞƏRH

İki ildən artıq davam edən Rusiya-Ukrayna münaqişəsi dünyanın, xüsusən də Qərbin geosiyasi maraqlarında bir sıra məqamları üzə çıxarıb. Hazırda Avropada bu münaqişə ucbatından Fransa və Almaniya arasında ciddi fikir ayrılığı yaranıb. Rəsmi Berlin Yelisey sarayını bir sıra məsələlərdə ittiham edir, sırf maraqları naminə alman dövlətindən daha çox maliyyə yardımı ayırdığını bildirir. Maraqlıdır ki, sözügedən savaşda Kiyevi daha çox rəsmi Paris və ABŞ dəstəkləyir. Bu isə hər iki dövlətin Kiyevi dəstəkləməkdə pərdəarxası məqsədlərinin olmasından xəbər verir.

Yelisey sarayında Rusiya küləyi

Fransa Senatının üzvləri hökumətin Ukraynaya yardımı davam etdirməyi təklif etdiyi qanun layihəsi ilə bağlı dinləmələr keçiriblər. Bu iclasda 293 senator bu sənədin lehinə, 22 senator əleyhinə, 11 senator isə bitərəf qalıb və beləliklə, bu qanun layihəsi Senat tərəfindən qəbul edilib. Təbii ki, iclasda Parisin Ukrayna münaqişəsi ilə bağlı mövqeyindən narahatlığını ifadə edən və bu hərəkətin vəziyyətin daha da pisləşməsinə səbəb olacağına inananlar da var. Amma Makron hökumətinin yarıtmaz siyasəti ucbatından bu senatorların səsi azdır və ümumi səsvermənin nəticələrinə təsir imkanı yoxdur. Ötən gün məlum olub ki, Fransa Milli Assambleyasının nümayəndələri Kiyevlə ikitərəfli təhlükəsizlik sazişini dəstəkləyiblər və bu saziş əsasında Ukraynaya 10 il müddətinə hərbi yardımın göstərilməsi nəzərdə tutulur.

Bu isə bir daha söyləməyə əsas verir ki, Fransa prezidenti Emmanuel Makron Ukrayna münaqişəsindən Avropadakı siyasi məqsədləri üçün istifadə edir. Dövlət başçısı Ukraynanı Avropa Parlamentində seçki kampaniyasında ön sıraya çıxarır və onun qatı düşməni Marin Le Pen də daxil olmaqla, fransız ifrat sağçı qanunvericiləri Kiyevə dəstəklə bağlı mövqelərini aydınlaşdırmağa məcbur etmək niyyətindədir.

Le Pen Milli Assambleyada Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişi ilə bağlı səsvermə zamanı Makronu tənqid edib və deyib: “Prezidentin manevri qanunvericiləri onu dəstəkləmək və ya dəstəkləmək barədə seçim etməyə məcbur edib, yoxsa Rusiyanı dəstəkləməkdə ittiham olunacaqlar”.

Prezidentin tərəfdarlarından olan baş nazir Qabriel Attal deputatlar qarşısında çıxışı zamanı vurğulayıb ki, Kiyevin dəstəklənməsinə qarşı səsvermə Moskvanın gözlədiyi siqnalı vermək deməkdir. Bununla da Fransa prezidenti rəqibi Le Peni Rusiyanın birbaşa müttəfiqi kimi təqdim edib. Marin Le Penin rəhbərlik etdiyi “Milli Birlik” partiyasının sağçı fraksiyasının üzvləri səs verməkdən imtina ediblər.

Göründüyü kimi, qarşıdan gələn seçkilərdə güclü rəqibini neytrallaşdırmaq və xalqın gözündən salmaq üçün Makron və Atal çirkin kampaniyaya başlayıblar və bu işdə Rusiya və Ukrayna kartından məharətlə istifadə edilər. Qurulan oyuna görə, əgər Le Pen Kiyevi dəstəkləməsə, deməli Rusiyanın maraqlarına xidmət edir və birbaşa Moskvanın adamıdır. Seçki ərəfəsində belə bir çirkin oyunun oynanması təbii ki, nəticələrə təsirsiz ötüşməyəcək.

ABŞ-dəki oyunlar

ABŞ Konqresinin nümayəndələri Ukraynaya yeni hərbi yardımın göstərilməsi üçün ikiqat vəsaitin ayrılması ilə bağlı qanun layihəsinə səs vermək üçün Nümayəndələr Palatasının sədri Mayk Consondan yan keçmək niyyətindədirlər. Konqresin aşağı palatasındakı demokratlar Consonun icazəsi olmadan Senata Ukrayna, İsrail və Tayvana 95 milyard dollar yardımı təsdiq etməyə icazə verən qətnamə təqdim ediblər. Bunun üçün qətnaməni 218 deputat dəstəkləməlidir. İndiyədək onu Nümayəndələr Palatasının 180-ə yaxın üzvü imzalayıb. Oxşar sənədi hər iki partiyadan olan bir qrup konqresmen hazırlayıb. Əlbəttə, Conson ABŞ-nin daxili təhlükəsizlik departamentlərinin ikiqat maliyyələşdirilməsi ilə bağlı qanun layihələri üzərində iş başa çatana qədər Ukrayna və digər ölkələr üçün vəsaitin ayrılması barədə düşünmək niyyətində deyil. Bu məsələyə ən geci martın 22-nə qədər aydınlıq gətirilməlidir.

ABŞ-nin keçmiş prezidenti Donald Tramp hesab edir ki, Avropa ölkələri Ukraynaya yardım üçün ABŞ qədər vəsait ayırmalıdır, əks halda vəziyyət amerikalı vergi ödəyicilərinə qarşı ədalətsiz olacaq: “Avropa Ukrayna üçün bizdən təxminən 100 milyard dollar az xərcləyir. Hesab edirəm ki, bu nisbət Amerikaya və ABŞ-ın vergi ödəyicilərinə qarşı çox ədalətsizdir”.

Donald Tramp
Donald Tramp

Ehtimal edilir ki, Tramp seçkilərdə qalib gələcəyi təqdirdə Ukrayna üçün ayrılacaq büdcəni azalda bilər. Eyni zamanda Avropa ölkələrinin ayırdığı məbləğ qədər vəsaitin ayrılmasına göstəriş verə bilər. Prezidentliyə namizəd eyham vurub ki, Kiyevdəki vəziyyət Avropanın təhlükəsizliyi üçün vacibdir və daha çox bu dövlətlər daşın altına əllərini qoymalıdırlar.

Qeyd etmək yerinə düşər ki, artıq Birləşmiş Ştatlar Ukraynaya silah göndərmək məsələsində də maraqlı deyillər. Təsadüfi deyil ki, Ohayo ştatından olan senator Devid Vens ölkənin hərbi sənayesinin vəziyyətini və ölkənin müdafiə qüvvələrinin mümkün təhdidlərə qarşı hazırlığını qiymətləndirmək üçün qanun layihəsini təqdim edib. Siyasətçi qeyd edib ki, ABŞ-nin hərbi ehtiyatları çox aşağı səviyyədədir. Prezident Cozef Bayden iki il Ukraynaya ölkənin ödəyə biləcəyindən daha çox silah göndərdi və bununla da milli təhlükəsizliyimizi təhlükə altına aldı. Bu açıqlamadan da məlum olur ki, senatorlar da dövlət başçısının siyasətindən narazıdırlar və yaxın müddətdə Kiyevə göstərilən hərbi texnika yardımı kəskin şəkildə azaldılacaq.

Artıq bu məsələ ABŞ-nin milli təhlükəsizliyini təhdid edir tipli tezislər üzərində qurulan açıqlamaların artacağı da istisna deyil. Eyni zamanda qeyd etmək yerinə düşər ki, ABŞ hərbi kəşfiyyatının keçmiş zabiti Skott Ritterin də açıqlaması buna dəlalət edir. Amerikalı hərbçi qeyd edib ki, hərbi münaqişə davam etsə, Odessa, Xarkov, Dnepropetrovsk və bir neçə başqa şəhər də itirilə bilər. Rəsmi Kiyev hər şeyi dayandırıb danışıqlar masasına oturmalıdır. Bütün bunlar isə rəsmi Vaşinqtonun artıq Ukrayna-Rusiya müharibəsində sponsor rolunda çıxış etmək üçün maraqlı olmadığına dəlalət edir. Eyni zamanda seçki öncəsi belə təbliğatla prosesi yönləndirmək cəhdlərinin də olması istisna deyil.

Yuxarıda sadalananlardan məlum olur ki, istər Ağ Ev, istərsə də Yelisey sarayı bu müharibədən sırf məqsədləri üçün istifadə edirlər. Ukrayna xalqının taleyi və ərazisi Qərb siyasətçilərinin vecinə də deyil. Bu səbəbdən də artıq Qərbdəki maliyyə elitaları Rusiya ilə işgüzar münasibətləri bərpa etmək üçün bəhanə axtarırlar və Kiyevin rəsmi məğlubiyyətini gözləyirlər.

Hadisələrin konkret hansı məcrada davam edəcəyi isə Rusiyadakı prezident seçkilərindən sonra məlum olacaq. Çox güman ki, may ayında keçiriləcək seçkilərdə qalib gələcək olan Vladimir Putin Ukrayna ilə bağlı konkret addımlar atacaq. Bu sıraya Ermənistanı da əlavə etmək lazımdır.

Kamil Məmmədov