İki ayda vergi ödəyicilərinə 97 min Asan İmza sertifikatı verilib

İki ayda vergi ödəyicilərinə 97 min Asan İmza sertifikatı verilib

2024-cü ilin yanvar-fevral ayları ərzində 59.341 müraciət üzrə 96.892 Asan İmza sertifikatı verilib. 4,5 mindən çox vergi ödəyicisinin mövcud sertifikatının yenilənməsi qüvvədə olan Asan İmza, onlara yeni sertifikatların verilməsi isə elektron xidmətlər vasitəsilə həyata keçirilib.

Bu barədə “APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Qeyd edilib ki, hesabat dövrü ərzində vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 117.921 şəxs qəbul edilib və onlara 178.200 sayda xidmət göstərilib ki, bunlardan 66 mindən çoxu şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 45 mindən çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) bağlı olub.

2024-cü ilin iki ayı ərzində vergi ödəyicilərindən daxil olmuş 6,5 minə yaxın yazılı müraciət cavablandırılıb, onlara 4 milyona qədər məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 330 minə yaxın SMS göndərilib.

Hesabat dövründə 1.642 vergi ödəyicisinin iştirakı ilə 74 görüş keçirilib, 1.108 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.