İsmayıl Serageldin: Qlobal yoxsulluq və iqlim dəyişikliyi bəşəriyyəti narahat edir

İsmayıl Serageldin: Qlobal yoxsulluq və iqlim dəyişikliyi bəşəriyyəti narahat edir

“Dünyanın müxtəlif nöqtələrindəki münaqişələr öz xarakterinə görə bir-birindən fərqlənir”.

APA xəbər verir ki, bunu XI Bakı Qlobal Forumu çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmtəsisçisi İsmayıl Serageldinin jurnalistlərə açıqlamasında deyib.

O, Ukraynadakı müharibə, Qəzzada davam edən münaqişə və Afrika qitəsindəki silahlı münaqişələrin həlli üçün iki nüansa fokuslanmağın vacib olduğunu deyib: “Birincisi, nizama əsaslanan və effektiv olacaq çoxtərəflilik lazımdır. Məsələn, BMT Baş Assambleyasında böyük əksəriyyət Rusiyanın Ukraynaya qarşı müharibəsinə etiraz edir və bu müharibənin dayandırılmasını tələb edir, ancaq Rusiya deyir ki, bu müharibəni davam etdirəcək və yaxud Qəzza ilə bağlı BMT Baş Assambleyası humanitar məqsədlər üçün atəşkəs tələb edir, ancaq Netanyahu hökuməti deyir ki, "xeyr, mən bu müharibəni davam etdirəcəyəm". Beləliklə, biz bu problemləri aradan qaldırmaq, parçalanmış dünyanı bərpa etmək istəyiriksə, o zaman bunlara icazə verə bilmərik”.

İsmayıl Serageldin bəzi ölkələrin bu problemləri özlərinin həll etdiyini qeyd edib və Azərbaycanı nümunə göstərib: “Azərbaycan da belə ölkələrdəndir və eyni zamanda, problemi uğurla həll edən az saylı, bəlkə də yeganə ölkədir. Azərbaycanın Qarabağ problemi var idi, ancaq bu artıq həll olunub. Artıq Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır ki, bu da çox vacib bir addımdır və artıq formal sülh sazişi və qalan kiçik məsələlərin həlli üzərində danışıqlar gedir”.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmtəsisçisi müəyyən ölkələrin uzun müddət Ermənistanı dəstəklədiyini və Qarabağın erməni sakinləri ilə necə davranmaqla bağlı Azərbaycana tövsiyə verməyə cəhd etdiyini xatırladıb: “Azərbaycan Prezidenti açıq şəkildə bəyan edib ki, Qarabağın erməni sakinləri oranı tərk etmək istəyirsə, bu, onların öz seçimidir, əgər onlar qalmaq istəyirsə, Azərbaycan vətəndaşlarının yararlandığı bütün hüquqlardan yararlanacaqlar. Artıq münaqişə həll olub və Ermənistanın Qarabağa iddiası yoxdur, bu, həlledici dəyişiklikdir”.

O, bəşəriyyəti narahat edən qlobal problemlərdən də danışıb: “Birincisi, qlobal səviyyədə yoxsulluqdur, biz bu məsələnin həlli istiqamətində birgə işləməliyik, digər məsələ isə bizim təbiətlə münasibətlərimiz, ətraf mühit və iqlim dəyişikliyidir. Biz təbiətlə harmoniya içərisində yaşamalıyıq”.