XI Qlobal Bakı Forumunda müharibə və sülh mövzusunda panel təşkil olunub

XI Qlobal Bakı Forumunda müharibə və sülh mövzusunda panel təşkil olunub

XI Qlobal Bakı Forumu çərçivəsində “Müharibə və sülh haqqında: “Realpolitik”in qayıdışı” mövzusunda panel təşkil olunub.

Birxeber.Az-nın xəbərinə görə, panelin moderatoru Gürcüstan baş nazirinin sabiq müavini (2010-2012-ci illər) Eka Tkeşelaşvili olub.

Eka Tkeşelaşvili deyib ki, siyasətçilər real politika ilə gərginliklərin aradan qaldırılmasına çalışmalıdır.

Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Zeljka Cvijanovic dünyada müəyyən gərginliklərin yaşandığını söyləyib: “Ukrayna müharibəsi, Qəzzada gərginlik real politikaya dönüşün zəruri olduğunu göstərir. Bizim yaşadığımız Balkanlarla da müəyyən gərginliklər var. Real politika çərçivəsində üzərimizə hansı rolun düşdüyünü müəyyənləşdirməliyik. Biz artıq görürük ki, çoxtərəflilik beynəlxalq təşkilatlarda yox səviyyəsindədir. Qlobal aktorlar təlatümlərdən əziyyət çəkir. Biz artıq vərdiş və bacarıqlarımızı gücləndirməliyik. Maraqların toqquşması təkcə dağıdıcı xarakter daşımır, uzun müddət qeyri-stabilliyin qalmasına yol açır. Biz beynəlxalq təşkilatların, xüsusən BMT-nin missiyasını yerinə yetirməsi üçün səylərimizi səfərbər etməliyik. Biz tarixi bir mərhələ yaşayırıq, kollektiv, yaxud fərdi seçim qarşısında qalmışıq. Real politika çərçivəsində addımlar atılmasa, dünya daha çox problemlərlə üzləşəcək. Qlobal Bakı Forumu da bu sahədə müzakirələr üçün yaxşı platforma rolunu oynayır”.

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın çətin durumdan çıxdığını söyləyib: “Qlobal çətinliklər bir günə ərsəyə gəlməyib. Biz bəşəri dəyərlərə söykənən beynəlxalq təsisatlara güvənirik. İlk növbədə beynəlxalq təsisatlarda dəyişikliklər olmalıdır. Orta güclərin də maraqları nəzərə alınmalıdır. Bu məsələlərin həlli yeni alətlər tələb edir. Biz dövlətlərarası problemdən danışırıqsa, dövlətlər razılığa gəlməlidirlər. Qarşımızdakı digər çağırış klassik çətinliklərdir. Məsələn, COVID-19 pandemiyası dövründə Azərbaycan bir sıra çağırışlarla çıxış etdi. Vaksinasiyada milliyyətçilik vardı. Biz yanaşmaları necə birləşdirə bilərik? Biz dünya cəmiyyəti olaraq hələ razılığa gəlməmişik, kifayət qədər nikbinlik yoxdur. Yeri gəlmişkən, süni intellekt məsələsi də var. Lakin düşünmürəm ki, bu, bəşəriyyətin üzləşdiyi son çağırışdır. Digər oyunçuların da maraqlarını nəzərə almaqla stabilliyə nail olmaq mümkündür”.

ABŞ prezidentinin girovlarla bağlı sabiq xüsusi nümayəndəsi (2019-2020-ci illər), ABŞ Milli Təhlükəsizlik Şurasının beynəlxalq təşkilatlar üzrə sabiq baş direktoru (2020-2021) Hugh Duqan dünya nizamının liberallaşmalı olduğunu vurğulayıb: “Avtoritar dünya nizamı özünü doğrultmur. Əksər ölkələrdə milli mühafizəkarlar hakimiyyətə gəlib. Liberallar, idealistlər daha çox koalisiya formasında mübarizə aparmalıdırlar. Bizə qaydalara əsaslanan dünya lazımdır ”.

Latviyanın sabiq prezidenti (2007-2011-ci illər) Valdis Zatlers real politikanın hərbi, iqtisadi və siyasi reallığı özündə ehtiva etdiyini nəzərə çatdırıb: “Mən dünən Rusiya Prezidentinin çıxışını dinlədim, məyus oldum. Birtərəfli real politika dəyişməlidir, bu, dünyanı nüvə müharibəsinə aparar. Tarazlaşdırılmış real politika olmalıdır”.

Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Türkiyənin yaxın coğrafiyasında, Ukrayna, Suriya və digər münaqişə ocaqlarının aradan qaldırılmasına çalışdığını vurğulayıb: “Biz beynəlxalq nizamın kökündən dağıdıldığı bir dönəmdə yaşayırıq. Beynəlxalq sistemin çökməsi faciələrə gətirib çıxarır. Ukrayna, Qəzza bunun nümunəsidir. Uşaqlar, qadınlar öldürülür. BMT Təhlükəsizlik Şurası iflic durumdadır. Bu da qətllərə yol açır, etimadsızlıq yaradır. Təhdidlərə qarşı beynəlxalq səviyyədə tədbirlər görülməlidir. Bizim məqsədimiz müharibələri təşviq etmək deyil, sülhə nail olmaqdır. Sülhü, dialoqu təşviq etməliyik. Sülh ən yaxşı müharibədən daha yaxşıdır”.

BMT Baş Assambleyasının 57-ci Sessiyasının prezidenti, UNCPGA-nın sədr müavini, Çexiya Baş nazirinin müavini və xarici işlər naziri (1998-2002-ci illər) Yan Kavan BMT-nin nüfuzunu itirməkdə olduğunu qeyd edib: “Biz də hesab edirik ki, BMT Təhlükəsizlik Şurasında Afrika, Latın Amerikası təmsil olunmalıdır. Lakin praktikaya gələndə bu sahədə çətinliklə üzləşirik. Bir məqam diqqət çəkir. ABŞ bir tərəfdən Qəzzada əhalini ərzaqla təmin etməyə çalışır, digər tərəfdən İsraili silahla təmin edir. Biz BMT-nin gücləndirilməsinə çalışmalıyıq”.

BMT Baş Assambleyasının 67-ci Sessiyasının sədri, Serbiyanın sabiq xarici işlər naziri (2007-2012-ci illər) Vuk Yeremiç BMT-nin özünün bir klub olduğunu bildirib: “Klubun da bütün üzvləri məsuliyyətli olmalıdır. Klubu tənqid etməklə məsələ həll olunmur. Real politika hər zaman bizimlə olub, fərqli zamanda fərqli mənalar daşıyıb. Məsələn, 1990-cı ildə Yuqoslaviya BMT-nin prinsiplərinə zidd olaraq sanksiyalarla üzləşdi, gücdən istifadəni qadağan etdi, fərqli mənzərə müşahidə etdik. Biz bunu bu gün Ukraynada görürük. Mən BMT-yə inanıram, BMT-nin gücünü artırmalıyıq. Yeri gəlmişkən, bu gün Ukraynada, Qəzzada, dünyanın bir sıra bölgələrində atəşkəsə nail olmaq üçün lazımi açarlar məhz ABŞ-dadır və ABŞ bu addımları atmalıdır”.

Fransa Senatının üzvü Natali Qule bu gün beynəlxalq hüququn işləmədiyini bildirib.