“Şamaxı”nın baş məşqçisi I Liqanın təqvimindən narazıdır

“Şamaxı”nın baş məşqçisi I Liqanın təqvimindən narazıdır

“Şamaxı” klubunun baş məşqçisi Ramiz Məmmədov I Liqanın təqvimindən narazıdır.

55 yaşlı mütəxəssis “Report”a açıqlamasında bildirib ki, oyunlar həftəiçi keçildiyindən, matçlara azarkeş marağı az olur.

“Ən böyük problemimiz oyunların həftəiçi keçirilməsidir. Azarkeşsiz oyun futbolçunu motivasiyadan salır. Futbol həvəskarları özləri də bizə deyirlər ki, oyunlara gəlmək istəyirik, amma işdən çıxa bilmirik. Bu da həm fanatların, həm də futbolçuların narahatlığına səbəb olur”, - deyə çalışdırıcı bildirib.

Baş məşqçi I Liqanın XVIII turunda lider “Qaradağ Lökbatan”la heç-heçə etdikləri görüşü də dəyərləndirib. O, komandasının iki dəfə hesabda geri düşməsinə və sonda 2:2 hesablı heç-heçə etməsinə baxmayaraq, nəticədən məmnun qalmayıb: “Futbolçuların çıxışından razıyam. Amma nəticədən narazı qaldım. Qələbə qazanmaq şansımız daha çox idi. Hər iki qolu kobud səhvlərdən buraxdıq. Fikrimcə, bu matçda 1 xal qazanmadıq, 2 xal itirdik”.

R.Məmmədov hazırda 34 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan və liderdən 2 xal geri qalan “Şamaxı”nın Premyer Liqaya dönməyi hədəflədiyini sözlərinə əlavə edib: “Hədəfimiz çempion olmaq, Premyer Liqaya qayıtmaqdır. İlk 5 pillədə qərarlaşan komandaların hamısının çempionluq şansı var”.

Qeyd edək ki, “Şamaxı” növbəti matçını martın 29-da çempionatın ikinci sırasında yer alan “İmişli”yə qarşı keçirəcək.