Yasamalda 32 yaşlı kişi qətlə yetirilib

Yasamalda 32 yaşlı kişi qətlə yetirilib

Bakıda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

Yasamal rayon prokurorluğundan APA-ya verilən məlumata görə, martın 14-ü, saat 14 radələrində paytaxtın Yasamal rayonu ərazisində 1992-ci il təvəllüdlü Pünhan Fərzallının öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla 1999-cu il təvəllüdlü Şahlar Ağayevin Yasamal rayonu, Tbilisi prospekti ərazisində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Pünhan Fərzallını qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Şahlar Ağayev prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

Hadisə barədə DİN-in Mətbuat Xidməti də məlumat yayıb.

Qeyd olunub ki, bu gün saat 14:30 radələrində Yasamal rayonu Tbilisi prospektində 1992-ci il təvəllüdlü Fərzalılı Pünhan Tofiq oğlunun üzərində kəsilmiş-deşilmiş xəsarətləri olan meyiti aşkar edilib. Cinayəti törətməkdə şübhəli bilinən Şahlar Ağayev polis əməkdaşlarının keçirdikləri əməliyyat–axtarış tədbirləri nəticəsində saxlanılaraq istintaqa təqdim edilib.