Azərbaycan millisinin almaniyalı sabiq məşqçisi: "Qarabağ"ın cavab matçında da yüksək nəticə qazanacağına inamım böyükdür

Azərbaycan millisinin almaniyalı sabiq məşqçisi:  "Qarabağ"ın cavab matçında da yüksək nəticə qazanacağına inamım böyükdür

"Qarabağ"ın "Bayer 04"ə qarşı cavab matçında da yüksək nəticə əldə edəcəyinə inamım böyükdür.

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin almaniyalı sabiq məşqçisi Bernard Lippert UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Bayer 04" ilə "Qarabağ" arasında keçiriləcək cavab matçı barədə deyib.

61 yaşlı mütəxəssis Ağdam təmsilçisinin Bakıda Almaniya klubuna qarşı keçirdiyi ilk matçı dəyərləndirib: "Qarabağ" ilk matçdan sonra bütün azarkeşləri təəccübləndirdi. Amma mən ilk oyunda Ağdam təmsilçisinin qazandığı nəticəni sensasiya adlandırmazdım. Çünki əvvəldə də demişdim ki, "Qarabağ"ın mərhələ keçmək üçün real şansı var. Bizi qarşıda həyəcan dolu bir qarşılaşma gözləyir. Cavab görüşü ilk matça bənzəməyəcək, buna tam arxayınam. Düşünürəm ki, nəticədən asılı olmayaraq, qarşılaşma olduqca maraqlı keçəcək".

Azərbaycan millisinin sabiq baş məşqçisi Berti Foqtsun köməkçisi olan Bernard Lippert "Qarabağ"ın cavab matçında da müsbət nəticə qazanacağına inandığını bildirib: "Təəssüf ki, tərəflər arasında ilk oyunu izləyə bilmədim, olduqca vacib bir görüşüm var idi. Əlbəttə, sonradan nəticəyə baxdım. Azərbaycanda olan dostlarımla nəticəni müzakirə etdik. Onlara bildirdim ki, "Qarabağ"ın istər ilk hissədə vurduğu 2 qol, istərsə də yekun hesab (2:2) təəccüblü deyildi. Mən "Qarabağın gücündən xəbərdaram. Şübhəsiz, cavab matçını izləyəcəyəm. Bu qarşılaşma mənə görə ilin ən maraqlı futbol oyunlarından olacaq. Mütəxəssis olaraq hər iki dövlətlə və hətta hər iki komanda ilə əlaqələrim var. Səbrsizliklə cavab oyununun başlamasını gözləyirəm. "Qarabağ"a uğurlar arzulayıram".

Qeyd edək ki, Leverkuzendəki qarşılaşma bu gün, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bakıdakı ilk matç 2:2 hesabı ilə nəticələnib.