Vergi işçilərinin əməkhaqlarının artırılması məsələsinə aydınlıq gətirilib

Vergi işçilərinin əməkhaqlarının artırılması məsələsinə aydınlıq gətirilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə təklif edilən dəyişikliklərin vergi işçilərinin aylıq əməkhaqlarının 3 misli qədər artması kimi şərh edilməsinə aydınlıq gətirib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq DVX-dən bildirilib ki, söhbət dəqiqləşmə xarakteri daşıyan bir dəyişiklikdən gedir və bunun əməkhaqlarının 3 misli qədər artırılması kimi şərhi tamamilə yanlışdır.

Belə bir tənzimləmə “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də artıq mövcuddur. Yəni indiyədək bütün dövlət qurumlarında olduğu kimi, il ərzində bir sıra bayram günlərində mükafat verilməsi vergi orqanlarında da tətbiq olunur.

Dövlət qulluğunun xüsusi növünə aid edilən digər dövlət orqanlarında xidmətkeçmə haqqında qanunlarda da oxşar tənzimləmə mövcuddur.

Beləliklə, hazırkı dəyişiklik əməkhaqlarının artımına dair hər hansı yeni tənzimləmə müəyyən etmir. Bu yalnız verilən mükafatların “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də də təsbit olunması ilə bağlı dəqiqləşmə xarakteri daşıyır.

Qeyd edək ki, dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə təklif edilən dəyişikliklər müzakirə olunub.

Əsasnaməyə əlavə edilməsi təkliflərdən biri vergi orqanlarının vəzifəli şəxslərinin mükafatlandırılması məqsədilə hər il növbəti il üçün təsdiq olunan dövlət büdcəsində bu orqanlarda müəyyən olunmuş aylıq vəzifə maaşının 3 misli həcmində əlavə vəsaitin nəzərdə tutulmasıdır.

Dəyişikliyə əsasən, həqiqi dövlət vergi xidməti müşavirinin xüsusi rütbə maaşı 60 manatdan 200 manata, I dərəcəli dövlət vergi xidməti müşavirinin xüsusi rütbə maaşı 54 manatdan 180 manata, II dərəcəli dövlət vergi xidməti müşavirinin xüsusi rütbə maaşı 51 manatdan 160 manata, III dərəcəli dövlət vergi xidməti müşavirinin (III dərəcəli dövlət ədliyyə müşaviri) xüsusi rütbə maaşı 48 manatdan 145 manata, baş vergi xidməti müşavirinin (baş ədliyyə müşaviri) xüsusi rütbə maaşı 45 manatdan 130 manata, vergi xidməti müşavirinin (ədliyyə müşaviri) xüsusi rütbə maaşı 42 manatdan 115 manata, kiçik vergi xidməti müşavirinin (kiçik ədliyyə müşaviri) xüsusi rütbə maaşı 39 manatdan 100 manata, I dərəcəli vergi müfəttişinin (I dərəcəli hüquqşünas) xüsusi rütbə maaşı 36 manatdan 80 manata, II dərəcəli vergi müfəttişinin (II dərəcəli hüquqşünas) xüsusi rütbə maaşı 33 manatdan 65 manata, III dərəcəli vergi müfəttişinin (III dərəcəli hüquqşünas) xüsusi rütbə maaşı 30 manatdan 55 manata çatdırılacaq.