Türkiyəli diplomat: BMT-nin fəaliyyəti iflic olub

Türkiyəli diplomat: BMT-nin fəaliyyəti iflic olub

Ötən il Rusiyanın Ukraynanı işğalı əsas müzakirə mövzusu idi, bu gün isə Qəzzada baş verənlər müzakirə olunur.

Birxeber.Az xəbər verir ki, bunu XI Bakı Qlobal Forumu çərçivəsində keçirilən "Parçalanmış Dünyanın Bərpası" mövzusunda paneldə BMT Baş Assambleyasının 75-ci sessiyasının prezidenti Volkan Bozkır deyib.

Onun sözlərinə görə, bu gün Suriyada, Əfqanıstanda və Yəməndə də münaqişələr davam edir.

“Parçalanmış dünyamız artıq yeni təlatümlərə hazır deyil”, - diplomat əlavə edib.

Volkan Bozkır çıxışında BMT-nin fəaliyyəti barədə də danışıb: “Biz BMT-nin rolu barədə danışmalıyıq, bizim bu təşkilatı başqa bir qurumla əvəz edəcək kimi bir lüksumuz yoxdur. BMT-nin uğurlu fəaliyyəti olub. Amma bu gün bunu görmürük, bu da BMT Təhlükəsizlik Şurasına görədir. BMT artıq müdaxilə edə bilmir, onun fəaliyyəti iflic olub. Bu gün ABŞ İkinci Dünya müharibəsindən sonra yaratdığı dünyanın məsuliyyətini öz üzərinə götürməlidir”.

O, çıxışında BMT TŞ də islahatların vacibliyinə toxunub və vurğulayıb ki, indiyə qədər bu islahatlar həyata keçirilməyib. Volkan Bozkır bəzi ölkələrin veto hüququndan istifadə etdiyini və adətən bunu milli maraqları naminə etdiyini deyib.

“Biz Rusiyanın Ukrayna torpaqlarını işğal etdiyi deməliyik. Rusiya keçmiş Sovet İttifaqı ərazilərini bərpa etməyə cəhd edir. Bunu dayandırmasaq, bu xəritə genişlənə bilər, hansı ki biz bunu görmək istəmərik”.