“Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının tikintisi 96% yekunlaşıb - FOTO - YENİLƏNİB

“Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının tikintisi 96% yekunlaşıb - FOTO - YENİLƏNİB

Energetika naziri Pərviz Şahbazovun rəhbərlik etdiyi nümayəndə heyəti Cəbrayıl rayonunda Araz çayı üzərində inşa olunan “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarına baş çəkib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, nazir “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşIıq haqqında” Sazişə uyğun olaraq həyata keçirilən hidroqovşaqlar və su elektrik stansiyaları layihəsi üzrə görülən işlərlə tanış olub.

Məlumata görə, 1,612 mln. kubmetr su tutumu olan “Xudafərin” və 56.75 mln. kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqlarına aid tikilmiş bəndlər barədə məlumat
verilib. Hər iki hidroqovşaqda işlərin 96%-nin yekunlaşdığı bildirilib. Hidroqovşaqlar üzrə qalan işlər nəzərdən keçirilib. Prosesin sürətləndirilməsi üçün mövcud imkanlar
dəyərləndirilib və müvafiq tapşırıqlar verilib. Həmçinin su elektrik stansiyalarının inşası
ilə bağlı məsələlərə də toxunulub.

Qeyd edək ki, Azərbaycan tərəfi üçün qoyuluş gücü 100 MVt olan “Xudafərin” və 40 MVt olan “Qız Qalası” su elektrik stansiyaları və hidroqovşaqlarının istismara
verilməsi nəticəsində illik 358 mln. kVt-saat elektrik enerjisi istehsalı, mövcud 252 min
hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin
sahələrinin suvarılması təmin ediləcək.

***

12.38

Araz çayı üzərində inşa olunan “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının tikinti işləri 96% yekunlaşıb.

APA-Economics” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X“ sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Araz çayı üzərində inşa olunan “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarına baş çəkdik. “Xudafərin” və “Qız qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi layihəsi üzrə görülən işlərin gedişi ilə tanış olduq, cari vəziyyəti dəyərləndirdik. Hər iki hidroqovşaq üzrə işlərin 96%-i yekunlaşıb”, - paylaşımda qeyd olunur.