Prezident İlham Əliyev BMT Baş katibinin siyasət üzrə müavinini qəbul edib - YENİLƏNİB

Prezident İlham Əliyev BMT Baş katibinin siyasət üzrə müavinini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də BMT Baş katibinin siyasət üzrə müavini Qay Rayderi qəbul edib.

"Report" xəbər verir ki, Qay Rayder BMT-nin Baş katibi Antonio Quterreşin salamlarını dövlət başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını BMT Baş katibinə çatdırmağı xahiş edib.

COP29-un ölkədə keçirilməsi münasibətilə təbriklərini çatdıran qonaq BMT-nin də bu prosesdə Azərbaycana tam dəstək verməyə və ölkə ilə işləməyə hazır olduğunu deyib.

Dövlət başçısı buna görə öz təşəkkürünü bildirib və qeyd edib ki, Azərbaycan ilə BMT-nin müvafiq strukturları arasında COP29-un uğurla təşkil olunması istiqamətində artıq səmərəli əməkdaşlıq qurulub və nümayəndə heyətləri yaxından işləyir.

Azərbaycanın sədrlik etdiyi COP29-un builki gündəliyinin iqlim maliyyələşməsi mövzusuna həsr olunduğunu deyən Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan bu və digər mövzularda COP-un gündəliyinin irəli aparılması üçün səylərini əsirgəməyəcək. Belə ki, ölkənin müxtəlif beynəlxalq təsisatlarda fəal üzvlüyü, Qoşulmama Hərəkatında uğurlu sədrliyi bunun üçün yaxşı imkan və fürsət yaradır.

Qay Rayder BMT Baş katibi adından bu ilin sentyabr ayında Nyu-Yorkda “Summit of the future” - “Gələcəyin Sammiti” devizi ilə keçiriləcək tədbirlə bağlı məlumat verib. Söhbət zamanı BMT Baş Assambleyasının qarşıdan gələn gündəliyi ilə bağlı müzakirələr aparılıb. Dövlət başçısı bildirib ki, Azərbaycan BMT-nin davamlı inkişafa aid gündəliyinin irəli aparılmasında fəal üzvlərdən biri kimi bundan sonra da öz dəstəyini və töhfələrini verəcək.

Görüşdə Azərbaycanın 2026-cı ildə BMT sistemində ən vacib tədbirlərdən biri olan Ümumdünya Şəhərsalma Forumuna da ev sahibliyi edəcəyi xüsusi vurğulanıb.

Söhbət zamanı XI Qlobal Bakı Forumunun dünya gündəliyində duran məsələlərinin müzakirəsi baxımından rolu qeyd edilib.

11:16

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də BMT Baş katibinin siyasət üzrə müavini Qay Rayderi qəbul edib.

"Report" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.