Əhliman Əmiraslanov: Ölkəyə idxal olunan dərmanların keyfiyyətinə nəzarət artırılıb

Əhliman Əmiraslanov: Ölkəyə idxal olunan dərmanların keyfiyyətinə nəzarət artırılıb

Dərman vasitələri ilə bağlı nöqsanlar var idi və bu istiqamətdə daim müzakirələr aparılırdı.

APA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, ciddi iradlardan biri dərman vasitələrinin qeydiyyatı, ekspertizası ilə bağlı idi: “Belə ki, ekspertiza üçün çoxlu sənədlər tələb edilirdi və bu da prosesi uzadırdı. Lakin qəbul olunan qanun imkan verir ki, biz prosesi optimallaşdıraq”.

Əhliman Əmiraslanov, həmçinin deyib ki, dərman vasitələrinin keyfiyyəti ilə bağlı da ciddi narazılıq olub: “Ölkəyə idxal olunan dərmanların keyfiyyətinə nəzarət artırılıb”.

O, eyni zamanda, dərmanların qiymətləri ilə bağlı da iradların olduğunu diqqətə çatdırıb: “Bu gün dərmanların qiymətinin optimallaşdırılması istiqamətində işlər aparılır. Elektron resept və təqib sistemi kömək edəcək ki, artıq vətəndaşlar dərmanların qiymətləri barədə rahat məlumat əldə edə bilsinlər”.

Dərman istehsalı müəssisələri barədə məsələyə toxunan deputat deyib ki, ölkəmizdə belə müəssisələrin fəaliyyətə başlaması rəqabət mühiti yaradacaq və bu da qiymətlərə öz müsbət təsirini göstərəcək.

O qeyd edib ki, yeni müəssisələrin fəaliyyətə başlaması gözlənilir: “Vətəndaşlarla görüşdə onlar daha çox dərman vasitələrinin qiymətlərinin yüksək olması, vaxtının keçməsi və bir sıra preparatların qıtlığı ilə bağlı narazılıqlarını səsləndirirlər. Ümid edirik ki, “Dərman vasitələri haqqında qanun”a edilən dəyişiklikdən sonra bu istiqamətdə müsbət irəliləyişi görəcəyik”.

Əhliman Əmiraslanov çıxışı zamanı qeyd edib ki, regionlardakı vətəndaşların elektron reseptlə bağlı məlumatı azdır.