Ağdaş xəstəxanasında mənimsəmə ilə bağlı cinayət işi başlanıb

Ağdaş xəstəxanasında mənimsəmə ilə bağlı cinayət işi başlanıb

Ağdaş Rayon Mərkəzi Xəstəxanasında aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb.

APA xəbər verir ki, bu barədə Ağdaş rayon prokurorluğu məlumat yayıb.

“Ağdaş Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı qeyd olunan tibb müəssisəsinin 01.09.2018-ci il tarixdən 01.09.2023-cü il tarixədək maliyyə-təsərrüfat fəaliyyəti yoxlanılarkən PHŞ-nin vəzifəli şəxs(lər)i tərəfindən faktiki olaraq əmək fəaliyyəti yerinə yetirilmədiyi halda əmək haqqı hesablanıb ödənilməsi, təmir işləri ilə əlaqədar nəzərdə tutulandan artıq pul vəsaitlərinin köçürülməsi və digər yollarla xeyli miqdarda pul vəsaitinin mənimsənilməsi və israf edilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə edilməklə, təkrar və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.