Azərbaycanda biznesin yeni nəsil iqtisadiyyata transformasiyası güclənəcək

Azərbaycanda biznesin yeni nəsil iqtisadiyyata transformasiyası güclənəcək

Azərbaycanda Yeni Nəsil İqtisadiyyat Strategiyasının reallaşdırılması yeni dövrdə biznesin yeni nəsil iqtisadiyyatına transformasiyasının gücləndirilməsinə zəmin yaradacaq.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Bakıda keçirilən "Yaşıl iqtisadiyyata keçidin istehlakçı davranışlarına və istehlak bazarına təsiri: çağırışlar və perspektivlər" mövzusunda forumda bildirib.

"Strategiyanın icrası çərçivəsində rəqəmsal iqtisadi ekosistemin vəziyyətinin dəyərləndirilməsi üzrə araşdırma aparılacaq, rəqəmsallaşma üçün əlverişli mühit yaradılacaq, texnoloji və rəqəmsal sahədə inkişafa və dövlət-özəl əməkdaşlığına töhfə veriləcək. Yeni nəsil iqtisadiyyat təşəbbüsləri üçün tənzimləyici siyasətlərin hazırlanması iqtisadiyyatın bir çox sahələrində fəaliyyət göstərən şirkət və müəssisələrdə proseslərin rəqəmsallaşdırılmasına səbəb olacaq", - deyə o qeyd edib.

"İnsan kapitalının inkişafı və yeni nəsil iqtisadiyyata transformasiya təkmilləşəcək, innovasiyalar və müasir texnoloji həllərin tətbiqi genişləndiriləcək, innovasiyalar ekosisteminin formalaşması və “yaşıl enerji" prosesləri sürətlənəcək, sağlam ekoloji mühit üçün zəruri şərait yaradılacaq. Çıxışımın sonunda qeyd edim ki, bizneslər istehsal etdikləri məhsul və göstərdikləri xidmətlər və ya yaratdıqları iş yerləri və imkanlarla məhdudlaşmır, həmçinin, iş şəraiti, insan hüquqları, səhiyyə və ətraf mühit baxımından da geniş təsir imkanına malikdirlər. Eyni zamanda qeyd etmək istərdim ki, dövlət satınalmaları bütün ölkələrin iqtisadiyyatında əsas amildir. Hökumətlər bu vasitə ilə də bazarları daha yaşıl və innovativ məhsullar və xidmətlər istehsal etməyə yönəldə bilərlər və bunu təşviq edə bilərlər", - deyə nazir müavini fikrini tamamlayıb.